We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Köçlər və etnik dəyişmələr - Hamlet İsaxanlı yazır

5 0 1
15.02.2021

Mənim Qarabağım və ya Qarabağ düyünü

(dördüncü hissə)

Tanınmış alim Hamlet İsaxanlı Qarabağ mövzusunda düşüncələrini ətraflı şəkildə qələmə alaraq bir kitab həcmində ərsəyə gətirib. Müxtəlif dillərdə nəşr olunacaq bu kitabdan günümüzə, gündəmimizə uyğun müəyyən hissələri oxuculara təqdim edirik.

***

Rusiya tərkibində yeni, daha böyük idarəetmə sistemi quruldu. İrəvan və Naxçıvan xanlıqları ərazisi Erməni vilayəti (oblastı), daha sonra İrəvan quberniyası adlandırıldı. Gəncə, Qarabağ və Şəki xanlıqları birlikdə Elisavetpol (Gəncə) quberniyasını, Quba, Bakı, Şirvan, Talış xanlıqları birlikdə Şamaxı, daha sonra (1859) Bakı quberniyasını əmələ gətirdi. Tiflis, Kutais quberniyaları və Abxaziya okruqu gələcəkdə Gürcüstan adlandırılacaq ərazilərin əsasında təşkil olundu.

Erməni Sovet tarixçisi Abqar İoannisyan (1908-1991) Qarabağ xanlığı, erməni məlikləri və Rusiya imperiyasının yeni əldə edilmiş torpaqları idarəetmə siyasəti barədə araşdırmasında bir neçə maraqlı məqama toxunur. Nüfuzlu dövlət adamı, 2-ci Yekaterinanın yaxını (və sevgilisi, Yekaterina özü demişkən, "demək olar ki, səcdəgahı") knyaz Q.Potyomkin (1739-1791) İbrahim xan Şuşinskini devirib, Qarabağı Rusiyaya tabe olan müstəqil erməni vilayətinə çevirməyi düşünürmüş: "II Yekaterinanın sərəncamına görə, imperatriçadan sonra Rusiyada ikinci şəxs olan Qriqori Potyomkin 6 aprel 1783-cü ildə qardaşı oğlu general P.İ.Potyomkinə aşağıdakı məzmunda göstəriş ünvanladı: Şuşalı İbrahim xanı devirmək lazımdır, çünki bundan sonra Qarabağ Rusiyadan başqa heç kimə tabe olmayan erməni müstəqilliyi təşkil edəcəkdir. Bax, bu məqamda bütün səyinizi həmin bu vilayətin xalq üçün ən əlverişli şəkildə qurulması üçün sərf edin. Bununla digər güclü erməni vilayətləri də ya onların ardınca gedəcəklər, ya da böyük sayda Qarabağa gələcəklər".

Knyaz Potyomkin bu fikri həyata keçirmək üçün 2-ci Yekaterinaya müraciət etmiş, Asiyada yeni xristian dövləti yaratmağı və erməni məliklərinə verdiyimiz vədi yerinə yetirməyi təklif etmişdi: "Elə həmin 1783-cü il mayın 19-da Q.Potyomkin II Yekaterinaya belə bir məruzə təqdim edir: "Xanlıq ləğv edildikdən sonra onun (İbrahim xanın) erməni xalqlarından təşkil olunmuş vilayətini milli idarəetməyə vermək və bununla da Asiyada Siz əlahəzrət imperatriçanın mənim vasitəmlə erməni məliklərə verdiyiniz vədlərə uyğun xristian dövlətini bərpa etmək lazımdır".

Müəllif (A.R.İoannisyan) rus çinovniklərinin Rusiyaya xidmət edən erməni məliklərini deyil, xanları üstün tutduqlarına çaşıb qaldığını, heyrətini bildirən haşiyə çıxır: "Məliklər vasitəsilə Qarabağa sahib olan ruslar elə həmin məliklərin qəddar düşmənini - İbrahim xanı vilayətin baş hakimi olaraq saxladılar. İbrahim xan ruslara xəyanət etdi və öldürüldü. Onun yerinə böyük oğlu Mehdi xan təyin edildi və ona daha geniş hüquqlar verildi. Lakin o daha böyük xəyanət etdi: 1822-ci ildə o, Qarabağdan İrana qaçdı və İran qoşunu ilə qayıdaraq, ruslarla savaşa başladı. O dövr rus məmurlarının Rusiyaya sədaqətlə xidmət edən erməni məliklərilə müqayisədə niyə bu xain xanlara üstünlük verdikləri anlaşılmır".

Məntiqi baxımdan A.R.İoannisyanın təəccübü və hirsi anlaşılandır: 1) Erməni məlikləri ruslar kimi xristian idi (kilsələri fərqli olsa da), 2) ruslara az-çox kömək edirdilər (böyük kömək gücləri olmasa da), 3) ruslar arasında yuxarı dairələrdə onları irəli çəkmək istəyənlər vardı (Knyaz Potyomkin kimi). Bəs niyə ruslar hakimiyyəti yenə Azərbaycan xanlarına, onların varislərinə verməyi lazım bildilər? Bu suala cavab olaraq, zənnimcə, aşağıdakılar qeyd oluna bilər. 1) Xan və onun varisləri idaretmə təcrübəsinə malik idi, həm müsəlmanları, həm xristianları öz tabeliyində saxlamağı və təsərrüfat həyatını təşkil etməyi bacarırdılar. 2) Xristianlar xanlıqlarda, sanki, müsəlman dənizində, ayrı-ayrı, böyük olmayan adalar idi, xristianlar ancaq tək-tük kiçik yerlərdə sayca nisbətən çox ola bilərdilər. 3) Xristianların Rusiya həyatına inteqrasiyası təbii görünürdü, müsəlmanların "sakitləşdirilməsi", inteqrasiyası üçün onların xan, bəy, tacirləri ilə çalışmaq lazım idi. Rusiya üst təbəqə müsəlmanları, sosial kübar dairəni narazı salsa, müsəlmanların Rusiyaya itaətdən qaçması, üsyan etməsi ehtimalı böyükdü.

Köçlər və etnik dəyişmələr

18-19-cu əsrlərdə Rusiya və Osmanlı, 19-cu əsrdə Rusiya və İran arasında müəyyən fasilələrlə davam edən savaşlar külli-miqdarda köçlərə səbəb oldu. Bu köçlərdə Rusiya müsəlmanları daha çox Osmanlıya, eləcə də İrana, Osmanlı və İran erməniləri isə Rusiyaya üz tuturdular. Türkmənçay müqaviləsinə görə İrandan köçürülən ermənilər əsasən Qarabağ, Gəncə, Şamaxı və İrəvan bölgələrində yerləşdirildi.

Rusiya yeni fəth edilmiş ərazilərdə xristianlaşdırma siyasəti həyata keçirməyə başladı. Qarabağda və Erməni vilayəti adı verilmiş İrəvan, Naxçıvan və Ordubad ərazilərində erməni sakinlərin sayını ciddi dərəcədə artırmaq vasitəsilə müsəlman idarəçiliyindən xristian idarəçiliyinə keçmək yolu tutuldu. Bu, görünür ki, başlanğıcda koloniya kimi baxılan müsəlman bölgələrini Rusiya əyalətinə çevirmək yolu idi. Tiflisdən başlanan, sonra Bakı və digər yerlərə də tətbiq olunan ruslaşdırma ilə yanaşı alman dini təriqət qruplarının (1817-1818-ci illər) və sonra (1830-cu illərdən başlayaraq) rus qeyri-ortodoks dini icmaların........

© 525-ci Qəzet


Get it on Google Play