Nağıldan reallığa
”İnqilabın travması” kitabından ”Molla rejimi Balaca Qara Balıqdan niyə qorxur?” sualına cavab) Fatma böyük akvariumda cəld sivişərək üzən balıqların hərəkətini müşahidə edib: – Bundan bir dənə istəyirəm! – barmağını şüşəyə dirəyib, bir an suyun üzərində durub ətrafı sakitcə süzən balığı göstərdi. Balıq, sanki bu dar məkanda yaşamaqdan doyub böyük dəryaya atılmaqdan ötrü buradan çıxarılması üçün Fatmadan imdad diləyirdi. – Bir dənə olmaz. – mağazanın yeganə sahibi Rza Səbri ağa qızın istəyinə gülümsəyərək etiraz etdi. – Niyə olmaz ki? – Alanda cüt alınmalıdır, erkək və dişi, bunlar tək darıxırlar. – Nədən qara balıq? – Allahkərim mənalı nəzərlərlə qızını süzdü. – Qara balıq güclü olur! – Bəlkə, qırmızılardan da seçəsən, rəngbərəng daha yaxşı görünər. – A kişi, sən solçu olmamısan? – Baba, bu nə sözdü? – Allahkərim qəti etiraz edib, – Mən özümü tanıyandan namaz qılıb, ibadət etmişəm. Satıcı alıcısına sınayıcı nəzərlərlə göz atıb güləndə, Allahkərim kişi ətrafı oğrun süzüb səsini çıxarmadı. Zoomağazanın müdiri əlindəki balaca doncanı Fatmanın göstərdiyi balığı akvariumdan tutmaqdan ötrü gəzdirə-gəzdirə tez-tez yerini dəyişirdi. – Qorxma, burada ancaq özümüzük. – balıqlara işarə ilə, – Bu binəvalar da, binədən lal yaranıblar. – Qırmızı kommunistlərin rəngidir. – satıcı ciddiyyətlə dilləndi. – Yəni bu kommunistlər suya da girirlər? – Yox, baba, şuxluq edirəm, kefimiz açılsın. Kommunistlər üzsəy dilər, day bu mollaların əlində niyə əsir olub, zindana düşürdülər? Amma molla tayfası, nəinki suya, belə getsə, göyə də çıxacaq! – o, səsini içinə salıb, Allahkərimin qulağına pıçıldayırmış kimi: – Ağa, xəbərin oldu, keçən həftə Əlirza Şükrü Əfşarı və Bəhram Əfşarı edam etdilər. – qəfildən gözü vitrinə sataşan satıcı: – Öhö, öhö! – əlindəki doncanı sudan çıxarıb qolu ilə ağzını tutaraq Allahkərim kişiyə vitrini işarə etdi. Fatma mollanı görəndə üşəndi, akvariumun arxasına keçib əyildi və gizlin-gizlin mollanın hərəkətlərini izləməyə başladı. Molla başını və iki əlini vitrin şüşəsinə dirəyib, içəri diqqətlə baxdı. Az keçmədi o, asta addımlarla… – Ya Allah! – deyib, mağazanın kandarından özünü içəri atdı. – Ağa, camaatın qarnını doyuzdurmaq yaxşı olmazdımı, nəinki belə oyun-oyuncaq şeylərlə başını qatırsınız. – Olar, ağeyi molla, yeməli balıq da satarıq.........
