Doğrudanmı barışmaqdan başqa çıxış yox?..
Nəinki uzaq-yad adamlar, hətta “yaxınlarımız” ilk fürsətdə bizi sancmağı daim özlərinə borc biliblər, sanki həzz alırlar bundan.
Çox yox, iki-üç ayın söhbətidir. Rayonumuzdaydım. Biri məni görən kimi qayıtdı ki, bəs, xəbərin var, filankəs doktor olub! Dedim ki, vallah, filankəs akademik olsa da qəti təəccüblənmərəm, çünki dövran onlarındır və əlavə etdim ki, az qala, akademiyanı da zarafata çeviriblər, bu gün qəbul edir, sabahsa qovurlar...
Belədəsə, elə həmin məkandan illər öncəki bir tanışımdan deyim sizə. Bəli, adam on il məktəb oxudu, amma “üç”dən artıq qiymət görmədi. Onu da müəllimlər “tula payı” kimi yazırdılar. Hətta bir fəndən onuncu sinifdə müəllim rüblükdə də, illikdə də “iki” yazmışdı buna, attestat da ala bilməyəcəkdi.
Qohumu vəzifəlidi, birtəhər düzəltdi. Həm də onda ən küt şagirdə belə “üç” yazırdılar ki, rədd olub attestatını alsın: sinifdə saxlamaq - filan yox idi, çox nadir hallarda olardı, şəxsən xatırlamıram.
Qərəz, məktəb-filan bitdi, bir-iki ildən sonra eşitdim ki, adam ali məktəbə qəbul olub, özü də texniki institutların birinə. Humanitar ixtisas olsaydı başa düşərdim, fikirləşərdim ki, nəyisə əzbərləyib gedib! Amma riyaziyyatdan, fizikadan necə imtahan verdi? İndinin özündə anlaya bilmirəm! Anlamıram təhsilini necə başa vura bildi?..
Nə isə! Bir-iki il əvvəlsə təsadüfən xəbər tutdum ki, böyük vəzifə veriblər buna, “böyük naçalnik” olub! Doğrusu, daha təəccüblənmədim, çünki “böyük naçalnik”lərin arasında indiyədək heç olmasa, beş-üç həqiqətən də savadlısını görsəydim, bəlkə də təəccüblənərdim...
Bu da məsələnin yalnız bir tərəfidir. İllər öncə bir jurnalist dostum yazısında bir neçə çox yüksək vəzifəli adamın adını çəkmişdi və məlum olmuşdu ki, bunlar vaxtında Azərbaycanın Müstəqillik Aktının əleyhinə səs veriblər!..
Yenə də deyirəm: təəccüblənməyə dəyərmi? Bu yaşımda bilirsiniz, nə düşünürəm? Lap tutaq, bəndələr nadandır, qəddardırlar, ona görə belə edirlər. Bəs Allahın-Tanrının özünün insafına nə gəlibdi? Bəs........
