Bədii qiraətimizin PATRİARXI
Yubiley yazıları əsasən bir-birinə oxşayır. Çünki əksəriyyəti yubilyarın sifarişidir, yaxud da müəllifin kiməsə yarınmağı. Hamısı da başdan-ayağa tərif. Xalq şairi Qabil demişkən: Yubiley yazılarının hamısı yemək-içmək məclisində, əlində piyalə kimlərinsə şərəfinə deyilən sağlıqlara bənzəyir. Yaxud da ki, şair Fikrət Sadığın təbirincə desək: “YUBİLEY, yəni ki, Yu-Biley də...”
Yox. Elə bilməyin ki, bədii qiraət ustası, Əməkdar artist Ağalar Bayramov 70 yaşını “yuyub”, məni də o məclisə çağıranda bilmişəm ki, yubileyidir. Əsla! Yanvarın 16-dan Bakıda və rayonlarda yubiley tədbirləri uc-uca düzülüb, hamısından sonra da “ley-pey”. Mahir isə yada düşməyib – nə rəsmi hissədə, nə də “bədii”. Amma şair Qabil sağ olsaydı o süfrənin başında oturardı. Ətrafında da Anar, Fikrət Qoca, Fikrət Sadıq, Ramiq Muxtar, Balasadıq, Arif Əmrahoğlu... Bəlkə də sürücü kimi mən də orda olardım. (Anarı səhv dedim. Axı Ağalar Bayramov Rəsul Rzadan, Nigar Rəfibəylidən heç nə oxumayıb).
Bəs yubileyin olmasını hardan bildim? Mətbuatdan, sosial şəbəkələrdən? Xeyr. Sadəcə, gözəl bir may səhəri, bazar günü, səhər saat 9-da Ağalar müəllim zəng elədi. Mənim üçün gözlənilməz zəng deyildi. Hər dəfə televiziya ekranlarına çıxanda ilk anonsu mənə verir ki, bax. 20 Yanvarda atamın “Mərsiyə”sini deyir. Əlamətdar günlərdə “Ümid sənədir ancaq, Azərbaycan əsgəri”ni, ictimai ovqatlı verilişlərdə “Səhv düşıəndə yerimiz”i, sevgi əhvalında isə “İclasdan iclasa”, “Gedən yerim olaydı”, “Məhəbbət deyil”i oxuyur. Mənə də deyir ki, bax. Bu dəfə də belə bir məzmunlu söz gözləyirdim ondan. Amma yanılmışdım. Bu dəfə mənə “Qabil müəllimin “Avtoportret” şeiri var. Evdə təmir gedir. Kitablarını tapa bilmirəm. Təcili lazımdır. Şəklini çəkib göndər telefonuma” söylədi.
Məəttəl qaldım. Axı bu şeir Ağalar Bayramovun ruhuna uyğun deyil. Həm də adından da göründüyü kimi, şəxsi bir şeirdir. Atam özü-özünə yazıb. Heç nə soruşmadım. Tapıb göndərdim. Amma müəmma qaldı mənimçün. Səs yazısı gəldi ki, bəs “sağ ol. Orda sonuncu bənd lazım idi mənə. Axı Qabil müəllim bu şeiri 70 yaşında yazıb. O vaxt da yubileyində oxumuşdu mənə. Onda 42 yaşım vardı. Artıq 70-i haqlamışam. O şeirdəkilər indi mənə daha yaxındır. Bu əhvalımı yalnız Qabilin diliylə ifadə edə bilərəm:
Nə tamarzı qalmışam,
Nə harın boy atmışam,
Yeddi dəryanı üzüb...
Yetmiş yaşa çatmışam.
Nə irəli can atıb,
Nə qəflətdə yatmışam.
Şe`r qılınclarının
Şimşək parıltısında
Mən də öz qılıncımı
Götürüb oynatmışam.
Parıltılar içində
Nuram mən, çırağam mən”.
Amma Ağalar müəllim bilmir ki, Qabil 60 yaşında hansı sözləri deyib. Onu da göndərəcəkdim. Hələ neçə yubileylər çox karına gələ bilərdi. Amma........
© Modern.az
visit website