Tofiq Abdinsiz qalmayan SÖZ! - Əbülfət Mədətoğlu yazır
Ruhun şad olsun , 85 yaşlı ƏFƏNDİM!
Həyat etibarsızdı. Əslində isə həyatın etibarsız olmasının bir günahkarı da insandı – düşünən, yaradan, quran, dağıdan insan. Əks halda, nə sadaladıqlarım baş verə bilər, nə də dünyada insanın olmaması onun etibarsızlığına kimdəsə şübhə yaratmaz. Əgər biz varıqsa və düşünürüksə, yaradırıqsa, hansısa bir istəyimizdən çıxış edərək hətta dağıdırıqsa, onda günah daha çox bizim üzərimizə düşür. Görünür elə buna görə ağıllı adamlar həmişə öz tövsiyələrində diqqəti, qayğını, etibarı önə çəkiblər. İnsanın insana dost olmasını, bir-birinin əlindən tutmasını zərurət sayıblar. Çox təəssüf ki, bu zərurət bütünlüklə reallaşmayıb, yalnız ayrı-ayrı fərdlər bu etiketlərə əməl ediblər və edirlər. Onlar üçün diqqət, qayğı, dostluq, güvən, hər şeydən üstündür.
Yazıma bu girişlə başlamağım səbəbsiz deyil. Çünki barəsində düşüncələrimi bölüşəcəyim şair-publisist, həm də çox qiymətli ziyalı – aydınımız olan Tofiq Abdin türk dünyasında söz sahibi olub, imzası sayqı ilə qarşılanıb. Və mən onun çevrəsini, yaradıcılıq dünyasını bildiyimdən həmişə düşünmüşəm ki, bu qəbildən olan insanlar heç vaxt unudulmamalıdılar. Çünki onlar zaman-zaman tanıdıblar, yaşadıblar, təbliğ ediblər. Amma nə yazıqlar ki…
İş elə gətirib ki, Tofiq Abdinlə «Ədalət» qəzetində, ədəbi mühitdə sıx təmasımız olubdur. Bir-birimizə sayqı ilə, sevgi ilə yanaşıb, bir-birimizlə sözün hər üzünü müzakirə etmişik. Yəni, yazılan, kağıza köçülən hər bir sözə münasibət bildirmək, fikir söyləmək Tofiq müəllimin içindən gələn bir istək idi və «Ədalət» qəzeti işıq üzü görəndə səhərin gözü açılan kimi redaksiyaya birmənalı olaraq ilk zəng vuranlardan biri Tofiq Abdin olurdu. Dərhal da «Əfəndim, günaydın. Yenə…» və başlayırdı qəzetin həmin sayında çap olunmuş hansısa bir yazıya münasibət bildirməyə, hansısa bir yazını müzakirə etməyə. Özü də təmənnasız, qərəzsiz, tam yazı adamı kimi, sözlə yaşayan adam kimi və redaksiyaya hər........
