We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Alagöz nənə və Eynulla

12 0 1
15.02.2017

Bizdən qopanların hekayəti

Neçə-neçə illər əvvəl Eynullanın həbsinə kövrələn anama ürək-dirək vermişdim: "Üzülmə bu qədər, buraxacaqlar. Dünyanın sonu deyil ki..." Aylar keçdikcə anamın sual dolu gözlərindən qaçmağa çalışdım. O da daha məni utandırmayıb mehrini Eynullanın qəzetdən kəsib saxladığı balaca şəklinə saldı.

Anam xiffət eləyirdi: – Eynulla acdırmı, yeri-yatağı narahatdırmı? Onu və cəmi yazarları qorusun deyə gecələr yavaşdan allaha yalvarırdı. Pensiyasından nəzir demişdi. Eynulla həbsxanadan çıxanda öz əliylə niyyət elədiyi yerə çatdırasıydı.

Vaxt ötdükcə səbri daralırdı. Evə gələn hər kəsdən onu soruşurdu. İlham Əliyevə xahiş məktubu da yazdırardı yəqin, əyər təxminən dörd il əvvəlki başqa bir əhvalat baş verməsəydi...

***

2003-cü ildəki ilk prezidentliyə namizədliyi dövründə İlham Əliyevin Qəbələ səfəri zamanı bizim evin də yanında açılış olasıydı. Yerli hakimiyyətin tələsik bəzəyib-düzədiyi daş yığınından ibarət qəribə obyektə su çəkimişdilər ki, görüşün qəhrəmanı gəlib kranı fırlatsın. O gün anam və qonşumuz Cəmilə xala təzə kəlağayılarını başlarına örtüb qapımızın ağzında oturmaq istədilər. Evdən stul, döşəkcə gətirib onları yerləşdirsəm də, rahat deyildim. Hətta anamın duyacağı incə bir etiraza cəhd etdim də, amma son anda onlara qıya bilmədim. Qapıya qədər gələn izdihama heyrət və maraqla tamaşa edən nənələri qoyub evə qayıtmışdım ki, küçədə hay-küy qopdu. Səsçoxaldan aramşız qışqırırdı: – "Qocaları yığışdırın!"

Özümü yetirəndə artıq bədheybət mühafizəçilər beli bükülmüş iki fağır, gücsüz ağbirçəyin üstünə cummuşdular. Qorxudan bət-bənizi ağarmış nənələrin bir az əvvəlki xoş əhvalları dərin bir kədərə çevrilmişdi. Bir anın içində cahil və amansız əllər sanki onların bu dünya ilə olan onsuz da kövrək bağlantılarını qırıb atmışdı – üzlərində həyat əlaməti yox idi.

Anamgili "qanadımın" altına alıb hansı sözlərlə qorumağa başladımsa, hər ikisinin qanı qaçmış dodaqlarında zəif təbəssüm gəzdi. Amma mənim təkidimə və dərhal hadisə yerinə "qonan" məmurun təyin etdiyi "icazə hüququna" baxmayaraq daha orada qalmaq istəmədilər. Axşam nə elədim, dinib-danışmadı. Handan-hana etiraf etdi ki, prezident otuz-qırx metrəlik məsafədə oturub onu gözləyən nənələrə yaxınlaşacağı halda ki, buna əmin imişlər, bir xahiş edəcəklərmiş ondan. Daha da pərt olmasın deyə məlum xahiş barədə nə o zaman, nə də sonralar soruşdum. Amma inciklik, ümidsizlik yağan ala gözlərindən həmin axşam anamın öz prezidentindən birdəfəlik əlini üzdüyünü anladım. Aylar, illər keçdikcə, o barədə heç nə danışmayıb olanları yerli-dibli unutmağa çalışırdı.

2008-ci ilin noyabrında düçar olduğum ölümcül qəza uzun zaman bizi ayrı saldı. Yalnız on üç-on dörd aylıq kabus bitər-bitməz anamla bərabər evimizə yığışa bildik. Mən iki qoltuq ağacında o, ölümün pəncəsində biz anamın son günlərini yaşayırdıq. Onca ayrılıqdan sonra bölüşəcək o qədər dərdimiz vardı ki! Nəhayət, bir gün Eynullanı soruşub özü də cavab verdi: – "Çıxar, allah qoysa. Hər gün ondan ötrü də dua eləmişəm". Canında məchul mənsizliyin ağrı-acısını gəzdirəndə də Eynullanı unutmayıbmış...

Anam Eynullanın azadlığını görmədən getdi dünyadan. Biz də o vaxtdan bəri anamın xəyallarındakı Eynullanı görə bilmədik. Amma mən yenə də həmin nəziri evdən çıxartdım. Ölən sevgilərimizin, inamlarımızın ehsanı kimi...


Alagöz nənə və........

© MeydanTV