Jurnalistikaya gəlişimin səbəblərini bir dəfə yazmışam. Məni AXC "ideologiya şöbəsi”nin müdiri təyin etmişdilər. Çox fikirləşdim ki, nə edə bilərəm? Ağlıma gələn bu oldu ki, mətbuatla əlaqə yaratmalıyam. O vaxt mətbuat nəinki böyük, az qala, həlledici institut idi. Nə isə, ilk məqaləmi götürüb yollandım "Azadlıq” qəzetinə. Mənə Rövşəni məsləhət bilmişdilər. Aparıb yazını verdim ona, bir-iki gündən sonra da çap olundu. Bir detalı da deyim: AXC ilə "Azadlıq” qəzeti arasında münasibətlər həmişə "sərin” olmuşdu, bunu mən hətta yazmağa başlayandan əvvəl bilirdim. AXC funksionerləri daim qəzetdən narazılıq edirdilər. Ona görə bir müddət AXC-dəki statusumu gizlədirdim. Amma gülməli idi: AXC ilə "Azadlıq” arasındakı məsafə nə qədər idi ki?.. Əlbəttə, bildilər ki, mən kiməm, amma çox sağ olsunlar, deyəsən, başa düşdülər ki, onların gördükləri "cəbhəçi”lərdən deyiləm və məni də öz "kruq”larına qəbul etdilər. Təkrar deyirəm ki, sağ olsunlar... Bir məsələni də demək istəyirəm. O vaxt böyük bir "problem” yaranmışdı: AXC-yə hansı status verilsin? Təşkilat o vaxt ictimai-siyasi institut hesab olunurdu. Guya bu, kimin üçünsə əngəl-problem yaradırdı. Halbuki o vaxt deyirdik ki, AXC-ni bu statusda saxlasaq, heç bir dövlət bizə nota verməyəcək, müharibə elan etməyəcək! Hər ölkənin öz siyasi ənənələri, təcrübəsi var, dünyadakı dövlətlərin sayı qədər partiya, siyasi təşkilat modelləri var. Bunlar bir-birinə bənzəmirlər. ABŞ-ın iki əsas partiyası ümumiyyətlə, bizim üçün anlaşılmaz institutlardır, daha çox seçki institutları kimi bir şeydirlər! Belə götürəndə, partiya nəyə lazımdır? Seçkidə iştirak etmək, "kadr bankı” yaratmaq, bir də gələcək hakimiyyətin ideoloji-siyasi konsepsiyasını hazırlamaq üçün!.. Məsələn, Tramp Respublikaçılar Partiyasının sədri-filan deyil ki! Adam öz namizədliyini verəndə respublikaçılar hətta tərəddüd edirdilər... O vaxt bizdə nə oldu? Pis-yaxşı təşkilatın liderləri sayılan adamlar onu verdilər "uşaqların” əlinə! Hamısı qaçdı vəzifəyə! Bu da günah deyildi, insanlar vəzifəyə getməlidirlər! Amma bütün məmurlar başladılar özlərinə partiya yaratmağa, özü də AXC-nin bazasında! Axı bir hakimiyyətdə neçə lider ola bilərdi? Nə başınızı ağrıdım, bu adamlar anlamırdılar ki, AXC artıq hakimiyyət təşkilatıdır və bu, böyük məsuliyyətdir! Bunların məntiqinə görə, hakimiyyət rəhmətlik Əbülfəz........