Üslub köhnələndə

 

İyirmi il əvvəl idi. Universitetə ilk addımlarını atan on səkkiz yaşlı gənciydim. Bir gün dərsdən sonra yoldaşlarla görüşüb Beynəlxalq Mətbuat Mərkəzinə yollandıq. Orada tanınmış muğam ifaçıları qəzetdə çıxan bir məqaləylə əlaqədar tədbir təşkil edəcəkdilər. Biz tədbiri pozmaq niyyətindəydik.


Sözügedən məqalə müfəssəl yadımda deyil, amma məzmununu yaxşı xatırlayıram. Muğamatçıların ifa tərzi məlum heyvanın çıxardığı səslə müqayisə edilmişdi. Onları cin atına mindirən də bu ifadə idi.


Mətbuat konfransında çıxışlara başlayan muğam ustaları dövlətin təhqiramiz ifadələrlə bağlı ölçü götürməyini istəyirdilər. Di gəl, çıxışları ürəkləri istədikləri kimi alınmırdı. Biz gənclər yerli-yersiz çəpik çalmaqla qarışıqlıq yaradırdıq. Muğamatçılar nə baş verdiyini anlamırdılar, bilmirdilər, çəpiyi onları dəstəkləmək üçün çalırıq, ya... Tədbir yekunlaşanda məyus idilər, demə, gənclər onları ələ salırmışlar.


Gənc postmodernistlər


Bu əhvalat 2000-lərin əvvəlində meydana atılmış qəzəbli nəslin at oynatdığı dövrə təsadüf edirdi. Muğamatçılara sataşan məqalənin müəllifi də həmin nəslin nümayəndələrindən biriydi. Biz tədbirə onu dəstəkləmək üçün getmişdik.


Qızğın oxucusu olduğumuz nəslin nümayəndələri (əsasən, Azad Yazarlar Ocağının ətrafında birləşmişdilər) ənənəvi dəyərləri və bu dəyərlərin təmsilçilərini yaylım atəşinə tuturdular. Onlara görə, ölkənin modernləşməsi üçün başqa yol yoxdu, köhnə hamam, köhnə tas silinib süpürülməliydi. 


Əslində, bu davanı xalis intellektual mübarizə kimi qiymətləndirmək çətindir, çünki arqumentlərin çəkisi ürəkaçan səviyyədə deyildi. Şair Həmid Herisçinin xəyalı o vaxtlar postmodernizm cərəyanının ətrafında pərvaz edirdi. O, gənc qələm adamlarının ağlına daş salmışdı ki, onlar da postmodernist olsunlar. Beləcə, gənclər Pelevini, Sorokini, Limonovu ordan-burdan oxuyub postmodernist olmaq qərarına gəlmişdilər. 


Hərçənd burada bir nüans vardı. Əgər rus postmodern yazıçıları cəmiyyəti bədii provokativ əsərlərlə tənqid edirdilərsə, bizim gənclər bu provokasiyanı əsasən publisistikada tətbiq etmək eşqinə düşmüşdülər. Bədii və qeyri-bədii ədəbiyyat arasındakı sərhəd itmiş, tənqidlər təhqirlə müşayiət olunmağa başlamışdı. Filankəs mətbəx solçusudur; filankəs oxumur, anqırır; filankəs Tükəzbandır kimi şəxsi hücumlarla yanaşı, "azərbaycanlılar elə, azərbaycanlılar belə” tərzində həqarətli ümumiləşdirmələr publisistik məqalələri bəzəyirdi.


"Füzuli şair deyil..."


Azərbaycanın öz tənqidi ənənələrində əslində, istinad ediləsi məqamlar vardı. Götürək elə peşəkar tənqidin banisi Mirzə Fətəli Axundovu. Onun Məhəmməd Füzuliylə bağlı tez-tez gətirilən belə bir sitatı var: "Füzuli şair deyil…" Sözügedən dövrdə mən həmin sitatı tez-tez eşidərdim.


Axundov şairlərin dörd yüz il Füzulini təqlid etməsini anaxronizm sayırdı. Onun fikrincə, Füzuli estetikası texnoloji kəşflərlə müşayiət olunan 19-cu əsrin standartlarına uyğun gəlmirdi. Şeirlərində real həyat problemləri, ictimai fikir yoxdur, poeziyası mücərrəd eşq və klassik şərq motivləri üzərində qurulub - Axundov qeyd edirdi. Avropa realizmindən təsirləndiyinə görə, o, sadə dilin və real........

© Qaynar