Qlobal güc balansı dəyişəndə hüquq necə adaptasiya olunmalıdır?
Bu proses çox zaman "multipolyar dünya” anlayışı ilə ifadə olunsa da, mövcud reallıq daha çox "polisentrist” sistemə keçidi əks etdirir. Çünki güc vahid şəkildə deyil, müxtəlif sahələr və regionlar üzrə qeyri-bərabər paylanır; regional təşkilatlar, texnoloji korporasiyalar və qeyri-dövlət aktorları isə klassik dövlət mərkəzləri ilə yanaşı yeni təsir qovşaqları kimi meydana çıxırlar.
Polisentrist nizamın əsas fərqi ondan ibarətdir ki, bu sistemdə heç bir regional və ya qlobal aktor digərləri üzərində tam və hərtərəfli üstün mövqeyə malik deyil. ABŞ hələ də hərbi, maliyyə və texnoloji baxımdan ən geniş güc resurslarını əlində saxlayır, lakin Çin iqtisadi təsir dairəsi baxımından Asiya regionunda və bir çox inkişaf etməkdə olan ölkələrdə dominant mövqeyə yüksəlmişdir. Avropa İttifaqı klassik güc balansı prizmasından ikinci dərəcəli aktor kimi qiymətləndirilə bilsə də, normativ və institusional güc mərkəzi olaraq beynəlxalq hüququn formalaşması və tətbiqi sahəsində mühüm rol oynamaqdadır. Rusiya isə enerji resursları və hərbi potensialı sayəsində regional güc mərkəzi statusunu qorumağa davam edir. Belə çoxmərkəzli bir mühitdə beynəlxalq hüququn qarşısında duran əsas çətinlik, hüquq qaydalarının fərqli maraqlara, dəyər sistemlərinə və normativ yanaşmalara malik aktorlar tərəfindən qəbul edilə bilən və legitim sayılan çərçivəyə çevrilməsidir. Bu baxımdan "multipolyarlıq” anlayışı bərabər gücə malik bir neçə sabit "sütun” təsəvvürü yaratsa da, real siyasi asimmetriyaları, sahələr üzrə güc fərqlərini və qeyri-dövlət aktorlarının artan təsirini adekvat şəkildə əks etdirmir.
Qlobal güc balansının dəyişməsi mövcud beynəlxalq institutların legitimliyi və praktik effektivliyi ilə bağlı ciddi suallar doğurur. Münhen Təhlükəsizlik Hesabatı 2025-də qeyd olunduğu kimi, multipolyarlıq bəzi siyasi aktorlar tərəfindən daha balanslaşdırılmış və inklüziv beynəlxalq nizam üçün imkan kimi təqdim edilsə də, bu proses eyni zamanda qlobal idarəetmədə parçalanma, koordinasiyanın zəifləməsi və güc rəqabətinin kəskinləşməsi risklərini artırır. Hesabat vurğulayır ki, aktorların və maraqların çoxalması mövcud qaydaların avtomatik şəkildə güclənməsi ilə nəticələnmir; əksinə, normativ konsensus zəiflədikcə beynəlxalq sistemdə qeyri-müəyyənlik və selektiv davranış meylləri güclənə bilər. Bu kontekstdə Hesabatın giriş hissəsində və ona paralel siyasi müzakirələrdə Avropa İttifaqının ali nümayəndəsi Josep Borrell tərəfindən də vurğulanan əsas narahatlıq ondan ibarətdir ki, yeni aktorların beynəlxalq sistemə daxil olduğu şəraitdə qaydalar zəiflədilməməli, əksinə daha möhkəm və inklüziv hüquqi çərçivələr vasitəsilə gücləndirilməlidir. Bununla yanaşı, Hesabatın ümumi analitik xətti göstərir ki, bir sıra dövlətlər universal qaydalara kollektiv şəkildə tabe olmaqdan daha çox, mövcud normativ çərçivələri öz maraqları........
