Taym-aut uzanacaqmı? - Savaşa X qoyulmayınca, V |
ABŞ-İsrail tandemi ilə İran arasında baş verən 40 günlük müharibəni birdəfəlik bitmiş saymaq olarmı?
İsrailin baş naziri Binyamin Netanyahunun açıqlamalarına istinad etsək, yox, İsrail İranla sülhə gəlməyəcək, zərurət hiss edəcəyi halda yenidən hücum edəcək.
İranın yenilənmiş rəhbərliyinin qırımından da belə anlaşılır ki, rəsmi Tehran anti-İsrail mövqeyini davam etdirəcək, hələ bir az da üstünə qoyacaq.
ABŞ rəhbərliyinin bəzən düşünülmüş, bəzən də impulsiv görünən qərarlarından görünür ki, bu dövlət də öz əsl məqsədinə çatmayınca, İranla sülh büsatı qurmayacaq.
Bir sözlə, vuruşan tərəflər arasında gedən prosesin adı da, mahiyyəti də atəşkəs danışıqlarıdır və zirvəyə dırmanmış gərginliyin azaldılması məqsədini daşıyır.
Ərəb\Fars körfəzindəki Hörmüz boğazı ətrafında baş verənlər dünya iqtisadiyyatına mənfi təsir göstərirdi, neft və qazın qiyməti kəllə-çarxa qalxırdı deyə ABŞ müharibədə taym-aut götürdü.
Hazırda Tramp ciddi şəkildə əzilmiş, döyülmüş İranın öz yarasını sarıya-sarıya ağıl-kamala gələcəyini, Vaşinqtonun tələblərini yavaş-yavaş, ölkə əhalisinə çox da sezdirmədən yerinə yetirəcəyini gözləyir.
Bu tələblərin başında İranın nüvə proqramından, daha dəqiqi, nüvə silahı əldə etmək niyyətindən imtina etməsi, saflaşdırılmış uranı təhvil verməsi gəlir. Başqa tələblər də var: İranın bölgə ölkələrinə hərbi təhlükə yaratmaması, başqa dövlətlərin işinə qarışmaması, terrorizmi maliyyələşdirməməsi və s.
İran dövləti isə müvəqqəti atəşkəs sazişinə, müharibədə götürülmüş taym-auta görə qələbə paradı keçirir, müharibədə qalib gəldiyi barədə ölkə daxilində böyük təbliğat işi aparır.
Bu xüsusda yeni bir şey yoxdur. Ötən ilin iyununda olub-bitən 12 günlük raketləşmə savaşından sonra İranda təbliğat işləri necə aparılırdısa, yenilənmiş hakimiyyət də eyni işi görür.
Ancaq bir detal da var. İran rəhbərliyi müharibənin yenidən başlanmayacağına ümid edə-edə, həm də onun üçüncü dalğasına hazırlaşır, 12 iyun, 28 fevral kimi daha bir günün ola biləcəyini ehtimal edir.
ABŞ prezidenti Donald Tramp bildirib ki, İran atəşkəs sazişinin qalıcı olması üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, İranın salamat qalan strateji obyektləri – körpülər və elektrik stansiyaları vurulacaq.
Bu günlərdə İranda çəkilmiş videokadrlar göstərir ki, ölkə rəhbərliyi bu varianta ciddi hazırlaşır. Bundan ötrü uşaqların və qadınların səfərbər olunaraq körpülərdə və elektrik stansiyalarında növbəli qaydada canlı sipərə çevrilməsi, “inqilab ideyaları uğrunda qurban edilmələri” düşünülür.
Düşüncə budur ki, ABŞ və İsrail rəhbərliyi mülki insanların – uşaq və qadınların kütləvi ölümünə görə məsuliyyət daşımaqdan, beynəlxalq qınağa tuş gəlməkdən qorxaraq, strateji obyektləri bombalamayacaq.
Bəs İsraili “mülki insanların kütləvi ölümünə bais olmaq” şantajı ilə durdurmaq mümkündürmü? Xeyr. 2 ay öncə Qəzzanın bombardman edilməsi nəticəsində ölən 40 mindən artıq insanın cəmi 25 faizinin hərbçi olduğunu İsrail rəsmiləri özləri etiraf etmişdilər. Bu, o demək idi ki, Qəzzada ölənlərin 75 faizi mülki şəxslər olub.
Düzdür, ABŞ administrasiyası “mülki şəxslərin kütləvi məhvi” perspektivi qarşısında müəyyən tərəddüdlər qarşısında qala bilər, amma buna da etibar yoxdur. Fevralın 28-də ABŞ raketlərinin ilk hədəfi qızlar məktəbi olmuşdu.
Yəni İran rəhbərliyinin ABŞ və İsrailin mərhəmətinə bel bağlayaraq, öz dinc vətəndaşlarını kütləvi şəkildə bombaların altına vermək istəməsi heç cür haqq qazandırılası taktika deyil.
Müharibələr tarixinin təcrübəsi deyir ki, döyüşən tərəflərin ikisinin (indiki halda üçünün) də özünü qalib hesab etməsi, qoşa barmaqlar V (viktory-zəfər) işarəsi göstərməsi halında o müharibə bitmiş sayılmır. Müharibələr o vaxt bitir ki, tərəflərdən biri qəti şəkildə əzilsin, məğlub və təslim olsun, qalib tərəfin şərtlərinin sözsüz və qeyd-şərtsiz yerinə yetirsin. Başqa variant müharibənin dondurulması, bir müddətdən sonra yenidən başlanacağı deməkdir.
Belə anlaşılır ki, İran tərəfi ABŞ və İsrailin qalıcı sülh üçün təklif etdiyi şərtlərin bir çoxunu sona qədər yerinə yetirməyəcək. Elə İran tərəfinin onlara qarşı irəli sürdüyü tələblərin də yerinə yetirilməsi mümkün deyil.
Demək, bölgədə daha bir eskalasiya olacaq. Heç-heçə bitən müharibələr az-az olur. Hərçənd İran tarixində belə savaşlar olub - 1980-1988-ci illər arasında baş vermiş İran-İraq müharibəsi. Arada güdaza gedən milyon yarım insanı və milyardlarla dollar həcmində müharibə xərclərini heç saysaq, o müharibə heç-heçə bitmişdi.