İki prezidentin karyerasını baltalayan Mustafaye
1989-cu ilin payızı, Meydan hərəkatının qızğın çağıydı, bu sətirlərin müəllifi Gəncəyə, ixtisasartırma kursuna göndərilmişdi. Müəllimlərimizdən biri köhnə kişilərdən, bazburutlu, keçmişdə partiya-sovet sistemində çalışmış adam idi. O, Stalinçiydi, dərs boyunca Stalinin zəkası, ədaləti, asketik həyat tərzi keçirməsi barədə hədislər danışırdı.
Bir dəfə müəllimimiz Azərbaycana rəhbərlik edənlərdən danışmağa başladı. Məlum oldu ki, onun kumiri İmam Mustafayevdir. O, 1954-59-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi olaraq faktiki şəkildə respublikaya rəhbərlik etmiş İmam Daşdəmiroviçi (belə adlandırırdı) bütün rəhbərlərdən ayırır, zirvəyə qoyur və deyirdi: “Sovet hökuməti onun qədrini bilmədi, imam kimi adam idi”.
Ona qədər çoxumuz elə bilirdik ki, İ.Mustafayev artıq vəfat edib. Heç demə, sağ-salamat imiş. Həmin o təlatümlü illərdə keçmiş rəhbər yenidən siyasi arenanın vitrininə çıxdı, ölkənin baş ağsaqqalı oldu, bir sıra proseslərə təsir etdi.
1993-cü ilin iyununa qədər xalq arasında İmam Mustafayevin personasına ciddi rəğbət vardı, hamı düşünürdü ki, belə ağsaqqalı olan millətin, necə deyərlər, sırtı yerə gəlməz. Ancaq Surət Hüseynovun 1993-cü ilin iyununda başlatdığı hərbi qiyam zamanı İ.Mustafayevin oynadığı rol həm gənc dövlətin yaman günə qalmasına və qanuni prezidentin devrilməsinə, həm də özünün reputasiyasının yerlə bir olmasına səbəb oldu. O, qiyamın səbəb və nəticələrini araşdırmaq üçün yaradılmış parlament komissiyasının rəhbəri olaraq qrup üzvləri birlikdə Gəncəyə getdi, Surət və onun banda üzvləri ilə görüşdü, qayıdıb paytaxta........
