Travmatik məzmunlarla böyümüş nəslin zövqü
Balakişi müəllim düz deyir, müasir telekanallar özlərini yeni dövrə uyğunlaşdırmalıdırlar, gənclərin maraqlarına uyğun məzmun hazırlamalıdırlar.
Əlbəttə, gənclərlə yanaşı, uşaqların, yetkin insanların da maraq və zövqləri nəzərə alınmalıdır. İndiki gənclər bilməz, uşaqlığı və erkən gəncliyi sovet dövrünə düşmüş adamların telekanallar və kontentlər arasında seçim etmək şansı yox idi. Milli telekanal bir dənə idi, səhər saat 8-də yayıma başlayır, günorta fasiləyə gedir, axşam saat 5-də yayımı bərpa edir, gün bitən kimi yayımı dayandırdı. Ekranda xəbərdarlq yazılırdı: “Televizoru söndürməyi unutmayın”.
Kontent məsələsi də beləydi: uşaqlar üçün multfilm verirdilər, oturub baxırdıq. “Nu poqodi”ni sevirdik, pişik Leopoldun siçovullarla mübarizəsini izləyirdik. “90 gün dünya ətrafında” multfilmi də əlaydı. Amma sonra “Heyvandarlıq zərbəçi cəbhədir” rubrikası altında növbəti kolxoz və ya sovxozdan hazırlanmış əmək reportajına baxmalıydıq, 100 qoyundan 120 bala alan çoban-deputat bizə bu nailiyyətləri yoldaş Brejnevin atalıq qayğısı sayəsində qazandığını deməliydi (ertəsi gün və sonrakı günlər başqa bir ordenli çoban eyni sözləri birəbir təkrarlayırdı), daha sonra........
