Üzeyir bəy, Ramiz Rövşən, Rüstəmxanlı və... |
Hüseynbala Səlimov
Bizim Hacıqabulda böyük Xilə məhəlləsi vardı. Bu insanların kökü Bakının Əmircan kəndilə bağlanırdı. Sonradan rəhmətlik şairmiz Tofiq Bayramın oğlu Zakir Bayramov mənə danışırdı ki, köhnə əmircanlılar da özlərinə, kəndlərinə Xilə deyirlər.
Zakir də artıq rəhmətə gedib. Onunla bir neçə il eyni laboratoriyada işləmişdik.
Məndən yaşlı idi, bəlkə on yaş fərqimiz vardı. Moskva Mühəndis –Fizika İnstitutunu bitirmişdi, Moskva astrofizika məktəbinin akademik V.Ginzburq qanadından idi, bizsə akademik Y.Zeldoviç məktəbindən sayılırdıq.
Amma bütün bunlardan da maraqlı başqa detallar vardı. Onda biz, xüsusən mənim kimi keçmiş rayon uşaqları tanınmış yazıçıları, şairləri yalnız televiziya ekranlarında, kitablarda və jurnallarda görərdik.
Onların “ədəbi mətbəxi” bizimçün qeyri-adi şey idi. Zakir də hərdən atasından danışardı. Tofiq müəllim o vaxt deyəsən, Anna Axmatovanı tərcümə edirdi.
Zakir deyirdi ki, kişinin gözü çox pis görür, az qala, iki eynək taxır, həm də özünü ələ də ala bilmir, tərcümə etdikcə kövrəlir...
Bunları niyə deyirəm? Bu günlərdə yubileyi qeyd olunan Ramiz Rövşənin də Əmircandan olduğunu eşitmişdim, amma sonradan bildim ki, Ramiz bəy əslən Qubadlıdandır.
Bunun bir önəmi yoxdur. Maraqlısı budur ki, mən Ramiz Rövşən haqqında əmircanlı Zakirdən yox, başqa bir həmkarımızdan, laboratoriyamızın digər əməkdaşından eşitmişdim. O, da astrofizik - alim idi, amma həm də böyük ədəbiyyat həvəskarı idi, səhv etmirəmsə, özü də şeir yazırdı. Ən əsası da onun da o dövrki ədəbi mühitlə canlı əlaqəsi vardı, deyəsən, bəzilərilə hətta dostluq da edirdi.
Bir kiçik haşiyə çıxım. Maraqlısı bilirsiniz, nədir? Azərbaycanın tarixboyu özəllikləri, qəribəlikləri olub. Bir də görürsən yatır-yatır, amma birdən ayılıb Nəsimi yaradır! Hətta sovet Azərbaycanının da, sovet Bakısının da qəribəlikləri vardı. Bakıda bir yəhudi astrofizik də vardı, bizim Fizika İnstitutunda çalışırdı. Adı da Pavel Amnuel idi. İttifaqda tanınan yazıçı-fantast idi. Şəxsən mənə onu fantast kimi o........