Ramiz müəllim, yadınızdadırmı?..

İllər öncə “Gündəlik Azərbaycan” qəzetində çox kiçik, bir replika xarakterli yazı yazmışdım. Adı da “Ramiz Mehdiyev Akademiyadan xaric oluna bilərmi?” idi deyəsən. Onda keçmiş səhiyyə naziri Əli İnsanovu (hərçənd, nə məmur, nə də siyasətçi kimi heç vaxt rəğbətim olmayıb bu adama!) Akademiyadan xaric etmişdilər.

Bunu ona görə yada salıram ki, ötən gün Ramiz Mehdiyevin Akademiyadan xaric ediləcəyi deyidli. Amma akademiklərimiz qərar qəbul edib ki, məsələyə məhkəmə hökmündən sonra baxıla bilər və məncə düz də ediblər. Belədəsə, fikirlşirəm ki, problem bundan da dərin və mürəkkəbdir.

İnsanovla bağlı da onda qeyd etmişdim ki, əvvəla, şəxsən mən onun necə alim olub-olmamasını deyə bilmərəm, indi də deyirəm ki, adam təbib, deyilənə görə, əczaçı idi və mənim də bu sahədəki biliyim bir çobanın ümumi nisbilik nəzəriyyəsindən bildiyi qədər ola, ya olmaya.Onda da yazmışdım ki, söhbət hər şeydən əvvəl prinsipdən gedir. Xəbərdar etməyə çalışırdım ki, bu, bir presedent ola, təkrarlana bilər: bəli, bu gün sən kimisə, sabah da bir qeyrisi səni! Bunu istəyirikmi?

İkincisi, adi məmurun da yox, böyük məmurun, nazirin, siyasət adamının Akademiyada nə işi var ki, sabah da elm məbədi sayılası bu qurum həmin adama görə “siyasiləşsin”, problemlər yaşamalı olsun?

Düzdür, Dünyada da istisnalar var, elmdən siyasətə gələnlər çox olur, amma bizdəki kimi heç yerdə insanlar, əksinə siyasətdən elmə gəlmirlər! Eşitdiyimə-oxuduğuma görə, hətta Sovetin dövründə qeyri-formal şəkildə belə şeylər az qala, yasaq olmuşdu, məmurun hətta dissertasiya müdafiə edib “alim” adı alması asan məsələ deyildi. SSRİ Elmlər Akademiyasında uzağı, iki-üç məmur üzv olardı və bunlar da rejimin ideoloqu sayılanlar, guya makrsizmi-leninizmi inkişaf etdirən “böyük dühalar” idi. Haracan, necə inkişaf etdirdilər–bunu da hamımız gördük... İkincisi, olur, dünyada da bəzən böyük siyasət adamları yaradıcı təşkilatlara fəxri üzv seçilir, amma çox az olur bu, həm də sırf simvolik xarakter daşıyır.

Bunu da qeyd etmişdim ki, Sovet rejimi heç A.Saxarovu da Akademiyadan xaric edə bilmədi. Onu da yazmışdım ki, demirəm, Əli İnsanov Saxarovdur, yox, bunu akademiklərimiz bilməli və araşdırmalı idi, amma vaxtında, adamı Akademiyaya üzv etməzdən öncə. Dünya praktikasında da belə hallar haqqında çox eşitməmişəm, oxumamışam: deyəsən, Almaniyada vaxtilə Eynşteynlə bağlı belə qərar olmuşdu. Amma yenə deyirəm: nə Mehdiyevin, nə də ki, Əli İnsanovun Eynşteyn və yaxud Saxarov olduğunu iddia etmirəm, qoy, akademiklərimiz “araşdırsınlar”: şəxsən mənim üçünsə bunu fikirləşmək belə gülünclükdür...

Belədəsə, həmişə düşündüyümü deyən və yazan adam olmuşam. Əvvəlcə bir az mübahisəli görünəcək bir detalı deyəcəm ki, faciəmizin miqyası haqqında insanlarda daha dolğun təsəvvür yaransın.

İnciməsinlər, qəti düşünmürəm ki, Mehdiyev bizim Akademiyanın humanitar elmlər sahəsindəki digər akademiklərdən savadsızdır. Səbrli olun, izah edəcəm. Belə deyil və çox təəssüf, acı reallıqdır bu və humanitar elmlərimizin böyük faciəsidir: Mehdiyev onların bəzisindən fərqli, heç olmasa, rus dilini bilir. Bu isə o deməkdir ki, heç olmasa, rus dilində yazılan kitabları oxuya bilir: şəxsən mən bəzi akademiklərimizin heç azərbaycanca danışdıqlarından bir şey qana bilmirəm...

Dəfələrlə yazmışam ki, Azərbaycanda da əsl filosoflar, politoloqlar, sosioloqlar və b. hələ bundan sonra yetişəcəklər; əlbəttə ki, “qoca”ların əlindən aman-imkan olsa!..

Sovet vaxtı bu elmlər faktiki olaraq yox idi (beş-üç dissidenti nəzərə almasaq. Bəzisinin adını çəkə bilərəm, amma inanmıram bu, Mehdiyevə də, digər dahi akademiklərə nəsə desin). Bu elmlər daha çox şüarçün, təbliğatçün idi, sovet rejiminin “ideoloji instrumentidi” – indi bunu hətta uşaq da bilir, amma paradoksdur ki, bizim bu sahədəki böyük akademiklərimizin çoxu hələ də “uşaqlıq vərdişlərini” unuda bilmirlər. Ona görə də Ramiz Mehdiyevə nə vaxtsa bəzi partiyadaşları kimi “cəsarətli filosof” da deməmişəm, “böyük filosof” və yaxud “politoloq” saymamışam, eləcə bu iddiada olan, partiya-hökumət xəttilə “dahi alim spravkası” almış qeyrilərini! Əksinə daim yazıram ki, bir çox sahələrdə bizim bəzi “böyük”lərimiz (yazıçısından tutmuş aliminədək!) əslində böyük maneədən başqa şey deyil - istedadlı yaradıcı insanlar, xüsusən də gənclərimizçün...

Amma Mehdiyevi heç vaxt savadsız adam da hesab etməmişəm, tam əksinə, o, sovet - totalitar tipli güclü ideoloji (tipik Suslov məktəbi!) kadrdır. Odur, burada daha bir detalı qeyd etməyə bilmirəm. 90-ın lap əvvəlləridi. Dükanda milli münaqişələrə aid rus dilində kitab gördüm və aldım. Doğrusu, onda onu tanımırdım, Moskvada təhsil almış gəncdim, bizim humanitar elmi - akademik mühitlə tanışlığım yox idi. Sonradan, illər keçəndən sonra bildim ki, kitab onun imiş.

Oxudum və etiraf edim ki, politologiyaya və ya konfliktolgiyaya ciddi töhfə olmasa da, dövrçün normal kitab idi, ən əsası, nə qədər qəribə olsa da, orada milli münaqişələrə yanaşmanın bir az yeni, post-sovet dövrünə xas modelləri-platformaları sezilirdi. Bu məsələlərdə Sovetlərin bir resepti olardı: sosialist internasionalizmi, sovet xalqı, xalqlar dostluğu, sinfi həmrəylik və s. və i. Kitabda isə az da olsa, yeni, fərqli yanaşmanın olduğunu göstərmək cəhdi vardı.

Yadıma düşəndə gülməyim gəlir: vaxtilə Əbdürrəhman Vəzirov yeni metro stansiyalarından birinə “Xalqlar dostluğu” adı verdi, guya ki, bununla azərbaycanlılarla ermənilər arasındakı konflikt həll olacaqdır!

Moskvada da belə stansiya vardı, amma Kremlin onda da ən əsas işi, altdan-gizlincə, xalqları düşmən etmək idi: Sovetin keçmiş xalqları nə qədər yaşadılar bu acıları! Hələ də bitib-qurtarmayıbdır...

Bir daha deyirəm ki, dövr təzəcə dəyişirdi, dünyanın yeni politoloji, nə bilim, sosioloji-konfliktoloji təlimləri, hətta bu haqda kitablar belə bura hələ gəlib çıxmamışdı, hamının da yolu Moskvadan, ya da Leninqraddan düşmürdü ki, oradan təzə kitablar gətirsin...

Qərəz, həmin dövrçün hər halda, maraqsız kitab deyildi. Sonrakı dövlərdə, artıq Mehdiyev böyük məmur olanda, kitablarını oxumasam da, böyük, silsilə məqalələri olurdu və onları oxuyurdum. O vaxt bir kiçicik müsahibədə də demişdim ki, cənab Mehdiyev bu yazılarda daha çox bir suala cavab axtarır: necə etməli ki, Dünyadakı qlobal demokratik proseslər Azərbaycandan yan keçsin, buralara təsiri olmasın? Bizisə tam əksi düşündürürdü: necə edək ki, Azərbaycan da demokratik ölkə olsun?

Ona görə də inciməsin, amma şəxsən mən anlaya, hətta heç inana da bilmirəm ki, axı özünü əsl demokrat hesab edən şəxsi Mehdiyevlə nə birləşdirə bilər?

Bəlkə də çox sərt səsləndi, amma düşündüyümü deyirəm. Əlbəttə, müəyyən ümummilli problemlər (məsələn, keçmiş Qarabağ problemi) olur ki, onların naminə siyasi baxışlardakı fərqləri bir ara kənara qoymaq lazım gəlir və hətta mümkündür. Amma inciməsin, demokrtaiya naminə, demokratiya uğrunda yalnız əsl demokratlar birləşşər və həmrəy olarlar.

Ölkənin ən mühüm məmurlarından olmasaydı onun fəlsəfi-ideoloji baxışlarına da qeyri-adi yanaşmazdım. Ona görə ki, dünya fəlsəfi fikirində böyük problem kimi mövcuddur bu: filosofların çoxu, təəssüf ki, nəinki demokratiyaya, heç tərəqqiyə inanmırlar. Aralarında hətta indi də elələri var, yazılarındakı pessimizm adamı öldürür, oxuyandan sonra yaşamaq belə istəmirsən...

Amma Mehdiyev “azad filosof”, Diogen və yaxud Sokrat deyildi, ölkənin faktiki olaraq ikinci siyasi fiquru - məmuru idi və onun yazıları həm də onun siyasi ideologiyası idi: adamı qorxudan da bu idi! Min təəssüf, sonradan qorxu gerçək oldu: onun müdrik idarəçiliyilə ölkədə demokratik fikir və azadlıqlar nə qədər mümkündüsə, məhdudlaşdırıldı!

Ona görə indi prosesləri müşahidə edəndə “mehdiyevçilik” deyilən məsələ məni daha çox düşündürür, nəinki onun özü. Onu da deyim ki, “termini” mən fikirləşməmişəm, neçə vaxtdır, mediada dövriyyədədir.

Çoxdandır, deyirəm ki, konkret adamlarla məşğul olmaq müvafiq orqanların funksiyasıdır, bizsə gəlin jurnalistlərin “mehdiyevçilik” adlandırdığı tendensiyadan qurtulmağa çalışaq: görək, müstəqil medianı təzədən necə dirçəltmək, partiyaları aktiv fəaliyyətə necə qaytarmaq, QHT-ləri necə canlandırmaq olar? Bunları özümüzçün də yox, gənclər üçün etmək lazımdır...

Son illərdə prezident İlham Əliyev böyük-tarixi iş gördü-Qarabağ problemi həll olundu. Hazırda bölgədə (görək, Azərbaycan da daxil olmaqla bu üç kiçik ölkənin Rusiya kimi “ayı”dan canı qurtaracaqmı?) ciddi geosiyasi proseslər gedir və gələcəkçün bunun çox böyük nəticələri olacaq. Ona görə siyasət adamlarına xitabən daim yazırıq ki, bir az səbrli olun. Amma özümüz də çox sahələrdə çox ciddi demokratik islahatların intizarındayıq. İnanıram ki, olacaq: bizli, ya bizsiz...

Bilirsinizmi, bəzən tarixi bir siyasi nəslin ömrünə sığışdırmaq olmur, siyasi proseslərin, dəyişikliklərin öz sürəti olur. Neyləmək olar? Bizim işimiz həm də öyrətmək, maarifləndirmək, inanmaq və inandırmaqdır!..

Düzdür, parktiki siyasətlə məşğul olanlar bir az tələskən olur, amma tələsəməklə də nəsə həll olunmur. Adamın yadına lap B.Okucavanın “Kağız əsgər” nəğməsi düşür: bəli, özünü ora vur, bura vur, tez də alışıb yan! Kiminçün xeyri var?..

İnanın, vətəndaş kimi məni son daxili proseslərdə də daha çox bu məqamlar düşündürür. Ölkənin daxili siyasi həyatındakı son olaylara sistemli şəkildə yanaşmasaq hər şey yenidən, hansısa formada təzədən təkrarlanacaq. Lazımdırmı? Ayrı-ayrı siyasi personalardan başqa siyasi sistemin özü haqda düşünək: bəlkə həqiqətən çox ciddi qüsurları var?..

Qayıdaq Akademiyaya. Bu sahədə bizim əsl alimlərin bəxti hətta “yenidənqurma” vaxtında da gətirmədi. Onda elmin böyük qürubu başlandı. Bu da yana, çoxu gözləyirdi ki, akademiyalara ən azı bundan sonra daha çox müstəqillik veriləcək, məmurların, rejimlərin və siyasət adamlarının müdaxiləsinə son deyiləcək.

Olmadı! Ən azı bizim Azərbaycanda əksi baş verdi. Deyirdilər guya AXC hakimiyyətinin Akademiyanı “ləğv etmək” fikri olub. Ola bilər! O siyasi düşərgədə də hamısı olmasa da, elələri vardı ki, ağıllarına hətta Günəşin “qrafik”ini tənzimləmək, nə bilim, Antarktidayla Arktikanın yerini dəyişmək (Türkmənbaşı səhrada pinqvin yetişdirən kimi!) kimi “ideyalar” gələ bilərdi! Nəzəri cəhətdən bunu istisna etmirəm, halbuki sonradan bunlar təsdiqini tapmadı və adamın yadına çox məşhur məsəl düşür: adın çıxınca, canın çıxsın...

Amma o illərdə də, ondan da bir az qabaq, hətta sonra da bizim bəzi ciddi alimlərimiz vardı ki, özləri Akademiyanın güclü islahata ehtiyac duyduğunu yazır və deyirdilər. Bəs nə oldu? Təəssüf, bəzi məmurlar Akademiyanın və akademiklərin “başını sığallaya-sığalaya” məhv etdi onları! Qurumun müstəqilliyi nəinki artmadı, əksinə oldu. İnciməsinlər, indi ölkədə beş-üç həqiqi alim qalıbdır, amma onları çox təəssüf, hələ də akademiklərin cərgəsində görmürük...

Yazılanlara görə, bu proseslərin “ideoloq”larından biri də Mehdiyev olubdur. Doğrusu, belə deyirlər, özümüzün akademik mühitlə heç bir əlaqəmiz yoxdur, amma eşidir, oxuyur, bəzən kənardan görə də bilirik.

Görün, nə baş verir? İndi onun “siyasi metodları” bumeranq olub qayıdır; bir vaxt o, kimisə xaric edirdi Akademiyadan, indisə onun özünü xaric edirlər oradan! Daha çox narahatlıq doğuransa budur ki, olay sonuncudurmu? Axı bu biçarə ölkə nə vaxtadək təzədən sökülüb, təzədən qurulacaqdır - lap uşaq oyuncağı kimi...

Vaxtilə bilirsiniz, məni bizim müxalifət düşərgəsində nələr qorxudurdu: gələcəyik, alacağıq və s!..

Onlara da deyirdim ki, qardaşlar, hər yeni hakimiyyət gəlib hər şeyi “təzədən başlasa” bu yazıq ölkənin, xalqın axırı necə olar? Heç burada, keçmişdəki qocalar demiş, nəsə binə tutarmı, xeyir-bərəkət olarmı?

İndi akademiklərimiz də, qoy, “Mehdiyevin məsələsi”ndən də çox, Akademiyanın məsələsini həll etsinlər ki, ora həqiqətən alimlərin məkanı olsun. Orada məmurların, siyasətçilərin nə işi var? Qoy, gedib siyasətlərilə məşğul olsunlar və rahat buraxsınlar bu yazıq ziyalıları... Bir sıravi, qaradərili bir azərbaycanlı demokrat, vətəndaş kimi tamam başqa detallar düşündürür bizi, çünki Mehdiyevin Akademiyadan xaric olunması elmimizçün nə böyük xeyir gətirəcək, nə də ki, ziyan! Bu işlə məşğul məmurlarımız, eləcə akademiklərimiz həm də qurumun özünü, Akademiyanı dirçəltməyin yolunu axtarsalar, zənnimizcə, daha faydalı olar. Daha çox düşündüyümüzsə başqa şeydir: qardaşlar, hüquqi ittiham hələ hər şey deyil. İstintaq başa çatmalıdır, məhkəmənin qərarı olmalıdır. Yalnız bundan sonra nəyəsə qiymət verilər–bəlkə də yanılırıq, amma hər şeyin bir proseduru olur axı...

Məncə, hətta hər şey aydın olsa da, yenə də bəzi zəruri hüquqi prosedurları gözləmək lazımdır. Belədəsə, sadəcə, soruşuram: Ramiz müəllim, öz “dəsti-xəttinizi” tanıyırsınızmı? Görürsünüzmü, adamın öz əməlləri necə bumeranq olur?..

Yenə deyirəm ki, akademiklərimiz düz edib məncə. Həqiqətən məhkəmənin qərarı olmadan belə addımlar atmaq olmaz. Digər tərəflərini də, qoy, özləri düşünsünlər və elə etsinlər ki, daha bu qurum hansısa məmura görə və ya siyasətçiyə görə problem yaşamasın: axı nə qədər olmasa, bunun adı hələki AKADEMİYADIR...

Jurnalistlərə, siyasi–ictimai fəallara gəldikdə, təkrar deyirəm: bizim də Mehdiyevə xüsusi rəğbət bəsləməkçün əsasımız yox! Niyə sevməliyik onu? Vaxtında müstəqil medianı, siyasi partiyaları “şikəst” etdiyinə, az qala, bu proseslərin başında durduğuna görə? Belədəsə, əlbəttə, ədalətli şəkildə mühakimə olunmaq və hüquqlarının pozulmaması vətəndaş kimi onun da toxunulmaz haqqıdır: hüquq müdafiəçiləri də, jurnalistlər də sırf bu məsələlərlə bağlı vəzifə missiyalarını ondan da əsirgəməzlər yəqin...

Ölkədə bəzi azadlıqlarla bağlı problemi deyək. Daim obyektiv olmağa çalışırıq. Məsələn, çap–print mediası bütün dünyada problemlər yaşayır, amma oralarda problem başqadır, daha çox maliyyə xarakterlidir: qəzetlər pis satılır, gəlirlər azalıbdır. Amma bizim medianın, özü də təkcə qəzetlərin də yox, hamısının başqa çox ciddi problemləri də var axı! Bəlkə siyasi partiyaların və ya daha çox müstəqil olmaq istəyən bəzi QHT-lərin problemi də yalnız maliyyə xarakterlidir? Belə deyil axı...

Amma məni kiçik, qaradərili demokrat, sıravi vətəndaş kimi başqa şeylər də narahat edir: firkrimcə, başqasına qarşı pozulan prinsip sabah da mənə, sənə qarşı pozula bilər! Yoxsa “filan vaxt bunları yazmışdım” deməyi çox da sevən deyiləm, halbuki yaddaşımı qurdalasam, bilirsiniz, nə qədər belə detal çıxar ortaya?..

26 ildir nəinki hər hansısa siyasi, heç ictimai təşkilatla bağlılığımız yoxdur. Sadəcə, vətəndaş kimi deyirik: tələsməyək, bəzi məsələlərdə zəruri prosedurları gözləyək ki, ən azı sabah irad tutulmasın. İstintaqın bitməsini (onun işinə müdaxilə etmək fikrimiz, heç hüququmuz da yoxdur), əsas da, məhkəmənin qərarını gözləmək daha düzgündü məncə.

Məhkəmənin qərarından sonra Mehdiyevi haradan istəsəniz xaric edərsiniz, yox, fikriniz dəyişərsə, ürəyiniz başqa şey istəyərsə, lap keçmiş “cəsarətli filosof” kimi Nobel mükafatına da təqdim edərsiz, qərar sizinkidir. Bizisə, artıq 80-90 yaşlı Ramiz Mehdiyevin özündən də çox böyük məmur kimi qoyduğu “siyasi miras” qayğılandırır, çünki sonuncudan imtina etməsək, sabah başqa məmur problem yaradacaq...


© Müsavat