Lampa işığından günəş elektrik stansiyasına: “O
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına səfəri təkcə Naxçıvan bölgəsi və ümumilikdə Azərbaycan deyil, həm də Avrasiya bölgəsi üçün çox ciddi hadisələrlə yaddaqalan oldu. Odur ki, bu səfərin nəticələrindən hələ çox danışılacaq, yazılacaq.
Ölkə başçısının Naxçıvana səfərini məhz bu günlərdə reallaşdırması da təsadüfi deyildi. Vaşinqton razılaşmasının birinci ildönümü ilə bağlı Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında baş tutmuş telefon zənglərində əsas müzakirə mövzularından biri məhz Zəngəzur dəhlizi – TRİPP marşrutu ilə bağlı razılaşmanın uğurla həyata keçirilməsi istiqamətində imzalanmış sənəd olub, necə ki, cənab Prezident Dövlət Televiziyasına müsahibəsində də bunu xüsusi vurğuladı. Eyni zamanda Vaşinqtonda, diplomatlar səviyyəsində növbəti üçtərəfli görüşün keçirilməsi 8 avqust razılaşmasına sadiqliyin növbəti dəfə təsdiqi idi. Başqa cür ola da bilməzdi, Azərbaycan Prezidenti 44 günlük Vətən müharibəsindən düz 6 ay sonra, 10 may 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına səfər edərkən Zəngəzur dəhlizinin bu bölgədəki ilk ünvanına, Ordubad dəmir yolu stansiyasına da baş çəkmişdi və o zaman belə demişdi: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”.
Və...O hadisənin üzərindən 5 il 3 ay vaxt keçdikdən sonra – dövlətimizin başçısı 3 il öncə də Muxtar Respublikaya önəmli səfərlərindən birini etmişdi, Türkiyə Prezidenti ilə çox mühüm əhəmiyyət kəsb edən sazişlərdən bir qismi də bu ünvanda imzalanmışdı – yenidən Naxçıvana səfər etdi. Azərbaycanın əsas hissəsində Zəngəzur dəhlizinin tikintisi yekunlaşmaq üzrədir, Horadiz – Ağbənd avtomobil yolu hazırdır, dövlətimizin başçısı bildirdi ki, dəmir yolunda işləri sürətləndirib, tezliklə başa çatdırmaq da olar, amma Ermənistanın görəcəyi işlər səbəbindən tələskənliyə ehtiyac duyulmur. Budur, artıq Naxçıvan Muxtar Respublikası - Ordubad istiqamətində də dəhlizin tikintisi uğurla davam etdirilir. Naxçıvanda dəmir yolu şəbəkəsinin yenidən qurulması üzrə hazırda Azərbaycan - Ermənistan sərhədindən Ordubad istiqamətində ilk 7 kilometrlik sahədə tikinti işləri aparılır. Başqa cür də ola bilməzdi. Çünki Prezident hələ illər öncə bildirmişdi ki, “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur”.
Biz də şübhə etmirdik və Zəfərimizin Memarına inanırdıq, güvənirdik. Düzdür, o zaman Rusiyanın iştirakı ilə üçtərəfli razılaşma imzalanmışdı, amma Kreml İrəvanı məhz Zəngəzur dəhlizi ilə bağlı olan 9-cu maddənin icrasına vadar etmək istəmədi, məsələyə biganə yanaşdı.........
