Sabir Rüstəmxanlının PORTRETİ

Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının doğum günüdür: mayın 20-də onun 80 yaşı tamam olur. Sabir Rüstəmxanlı Prezident İlham Əliyev dünən imzaladığı Sərəncamla "Şərəf" ordeni ilə təltif edilib. Modern.az saytı Mahir Qabiloğlunun Xalq şairinin ötən yubileyində qələmə aldığı yazını təqdim edir: ***

Mart ayında yaradıcılıq həyatımda baş verən iki hadisə məni yazmazdan qabaq düşünüb-daşınmağa, daha məsuliyyətli addım atmağa məcbur elədi. Bunlardan birincisi, elə bu yazımın qəhrəmanı olacaq Xalq şairi Sabir Rüstəmxanlının barəmdə “Sandıq boş deyilmiş” adlı məqaləylə mətbuatda  çıxış etməsi və qısa yaradıcılıq yoluma ağsaqqal qiyməti verməsiydi. Bu cür yazıları mən sənətə vəsiqə kimi qiymətləndirirəm.

Ona görə də özlüyümdə çox düşündüm. Deməli, Sabir Rüstəmxanlı haqqında yazımı yazıb, yayıram saytlara. O da oxuyur və… birdən xoşuna gəlmir. Dərindən köks ötürür, ah çəkir və “təriflədim, zibili çıxdı” deyir.

Yox. Yazmayacağam. Qoy Xalq şairimiz elə mənim haqqımda necə yüksək fikirdədirsə, elə o cür də qalsın. Niyə fikrini dəyişməliyəm ki? Fikir dəyişmək  bir yana qalsın. Birdən yazını oxuyub,  Xalq yazıçısı Anar kimi qələmə sarılmaq qərarı versə? Ancaq mənə xas olan yazı üslubumu “məzələnmək”, “zarafat” kimi qəbul etsə?! Onda necə olacaq? Düzdür,  Anar, Sabir Rüstəmxanlı kimi yazıçıların tənqidi də baldan şirindir mənimçün. Müasir dildə desək, antireklam reklamdan qat-qat güclüdür. “Mahir, gör yazın  nə qədər təsirli olub ki, bu cür görkəmli şəxsiyyətləri yeganə silahları olan qələmə sarılmağa məcbur etmisən” deyənlərimin, o cümlədən də oxucularımın sayı birə on artacaq.

Amma İntiqam Qasımzadə kimi  “Mahir, atovun dostlarına yaman sataşırsan. Olmaz belə” deyənlər də az olmayacaq. 

Bəs ürəyimdə yatan xatirələr, fikirlər, mülahizələr necə olsun? Ölüb getsin? Mən Sabir Rüstəmxanlını tanıdığım kimi, axı çoxları tanımır. Yaxud da ki, sizin tanıdığınız Sabir bəyi mən elə qəbul etmirəm. Ona görə də yazmağa qərar verdim. “Anar yazıçı deyil və ya TƏNHA ANAR” başlığı kimi adını cazibədar qoymadım. İstəmədim ki,  içərisini oxumayıb, başlığa görə hay-həşir salanları yuxudan oyadım.  Silsilə yazılarımdakı kimi “Bizim Sabir Rüstəmxanlı” da adlandırmadım. Bu yazımın adını “Sabir Rüstəmxanlının PORTRETİ” qoymağa qərar verdim. O mənim qəhrəmanımdır. Mən onu belə tanımışam. Mən onu belə görürəm. Elə isə başladıq çəkməyə.

Rəssam portret yaradanda onu əsas narahat edən qəhrəmanının üz cizgiləridir. Şəxs ayaqüstə duracaq, yaxud da kresloda oturacaq, tribunada çıxış edəcək, yaxud təbiət qoynunda olacaq. Əynində kostyum olacaq və ya qısaqol yay köynəyi, yaxud da ov paltarı. Bunlar xarakteri açmağa kömək edən əlavə detallardır. Daha çox qəhrəmanının hansı zamanın nümayəndəsi olmağına dəlalət edən 2-ci dərəcəli cizgilərdir.

Mən də birinci, Sabir Rüstəmxanlının portretini cızmağa qərar verdim. Qarşımda çox portret canlandı. Sabir əmi, Sabir müəllim, istiqlalçı Sabir, Sabir bəy, millət vəkili Sabir Rüstəmxanlı, Xalq şairi Sabir Rüstəmxanlı.

Fırçanı saxladım. Özümə yox, bu portreti nə vaxtsa çəkmək istəyən professional rəssama yazığım gəldi. Çünki nəsrin, yazıçılığın imkanları genişdir. Bəs rəssam? Bir portretə 70 illik bir ömrün 50 ilini elə sığışdırmalısan ki, tipik bir şəkil dünyaya gəlsin. Və bu şəklə baxan hər bir kəs – yardımlılı, oxucu, həmkar, cəbhəçi, deputat, həmfikir, ya da dostu – “halal olsun, gözəl yaratmısan. Bax bu, mən tanıdığım Sabir Rüstəmxanlıdır” desin.

Mən rəssam deyiləm. Bəlkə cəhd edim? Ruslar demişkən “Popıtka ne pıtka”. Alınmasa da ayıb saymazlar. Axı ilk işimdir.

Boş kətan lövhəni qarşıma qoyuram. Çəkirəm ilk gördüyüm, uşaq yaddaşımda qalan Sabir əmini. Sonra kənara çəkilib uzaqdan baxıram. Hə. Sabir əmidir. Cavan vaxtlarıdır. Şairdir. Şeir yazır. Atam demişkən “əsl şairdir”.  Əliağa Kürçaylının rəhmətə getdiyi illərin də izi var bu tablomda. Bir vaxtlar Əliağa əminin işlədiyi “Yazıçı” nəşriyyatında onun vəfatından sonfra baş redaktor vəzifəsinə təyin edilən Sabir Rüstəmxanlının cizgilərini də gözəl vermişəm burda. Amma yox. Ədəbiyyat diliylə desək, bu tipik, ümumiləşdirilmiş bir obraz olmadı. Küləyin oxşadığı qıvrım saçlar, yaxası açıq köynək,  qığılcım qopan gözlər - bu şair Sabir Rüstəmxanlıdır. Amma bu detallar Sabir Rüstəmxanlını tam təsvir etmək üçün yetərli deyil, axı.

Yox, hirslənib çəkdiyim şəkli cırıb atmıram. Yaradıcı insan öz yaratdığını atmaz. Təzə kətanlı lövhə götürürəm. 80-ci illərin axırı – 90-cı illər gəlib dayanır göz önümdə. Sovetski, indiki Nərimanov prospektində yerləşən Azərbaycan Xalq Cəbhəsinin qərargahını dağıtmaq üçün xüsusi təyinatlılar ora hücum edir. Binanı boşaldırlar. Sabir Rüstəmxanlının başından axan qan, başına dolanan bint canlanır gözümün önündə. Fırça tez işə düşür. Fonda “Azadlıq!” qışqıran insanlar, alnına qan hopmuş tənzif dolanan Sabir Rüstəmxanlı. Şəkli bitirib, çəkdiyimə baxaraq həzz almaq üçün kənara çəkilirəm. Baxıram. Yox. Nəsə çatışmır. Lap Fidel Kastroya  Ernesto Çe Gevaraya oxşadı. Qanım qaralır. Amma həvəsdən düşmürəm. “İnqilabçı, cəbhəçi  Sabir bəy” şəklini “Şair Sabir Rüstəmxanlı” şəkliylə  yanaşı qoyuram.

Daha bir təzə kətanlı çərçivə götürürəm. Bir an plagiatlıq keçir könlümdən. Axı mən gənc   rəssamam. Klassik təsvir ustalarının əsərlərinə müraciət etsəm niyə ayıb sayılmalıdır ki? Özü də ki, İlya Repin yaradıcılığına müraciət edəcəyəm - onun “Burlaklar Volqa  çayında” adlı  ölməz əsərinə. Necədir bu rəsm? Qoy canlandırım gözüm önündə. Deməli çayda gəmi görsənir. Sahildə də burlaklar bir ucu gəmiyə bağlanan kəndirləri boyunlarına keçirərək onu axının əksi istiqamətində dartırlar. Bax bunu yaxşı tapdım. Buna deyərlər  xarakterin özəl sənətkarlıq həlli.

Deməli, 20-ci əsrin sonları. Təlatümlü Azərbaycan. Sanki lilə oturmuş gəmidir Azərbaycan. Onu bu əsarətdən dartıb çıxaran qüvvə lazımdır. Bir rəssam kimi mən birinci gəmi şəkli çəkməliyəm. Üstünə də “Azərbaycan” yazmalıyam. Sonra isə o dövrün istiqlalçı insanlarını. Xəlil Rzanı, Bəxtiyar Vahabzadəni,  İsmayıl Şıxlını, Ziya Bünyadovu, Qabili, Qulu Xəlilovu… Ortada da Sabir Rüstəmxanlı. Çəkirlər Azərbaycan boyda gəmini  əsarət bataqlığından çıxartmaq........

© Modern.az