Trabzondan sonra Borxesi yenidən oxumaq
Trabzondan qayıdandan sonra uzun müddət bir cümlə beynimdən çıxmadı:
"Abi, bu ölkədə ən ucuz şey ölməkdir".
Bu cümləni mənə mərhum dostum Salihin qardaşı oğlu Ahmet hava limanında, vidalaşarkən dedi. Bir neçə saat əvvəl isə biz Salihi Çarşıbaşının dağ qəbiristanlığında torpağa tapşırmışdıq. Dünən dostlarını yaylaqlara çağıran adam indi həmin yaylalara baxan torpağın altında yatırdı.
İnsan ömrü belə sirlidir.
Bəzən yarım əsrə sığmır, amma yarım saata torpağa qarışır.
Trabzondan İstanbula dönəndən sonra hiss etdim ki, insan dəfn mərasimindən yalnız kədərlə qayıtmır. Ölüm adamın içində köhnə sualları da oyadır. Hətta bəzən uzun illər unutduğunu zənn etdiyin sualları…
İnsan doğrudanmı yox olur?
"Mən" dediyimiz şey bədəndən ayrı bir şeydirmi?
Yaddaş ölümü məğlub edə bilərmi?
Və niyə insan ölüm haqqında düşünmədən yaşaya bilmir?
Yəqin elə buna görə də evə qayıdandan sonra yadıma Borxesin məşhur cümləsi düşdü:
"Katoliklər (argentinalıları nəzərdə tuturam) o biri dünyaya inanırlar, amma müşahidə etdiyim qədər, bu, onları maraqlandırmır. Mən isə əksinə: maraqlanıram, amma inanmıram".
Borxes bu sözləri ingilis xristian ilahiyyatçısı Lesli Uezerhedin "After Death" ("Ölümdən Sonra") kitabı haqqında danışarkən söyləmişdi. Amma bu cümlə əslində bir kitab haqqında deyil. Bu, Borxesin bütün daxili dünyasının qısa formuludur.
Çünki Borxesin ədəbiyyatı da, fəlsəfəsi də, metafizik təşvişi də məhz bu gərginlik üzərində qurulmuşdu:
İnsan sonsuzluğu düşünə........
