Alim dostumun ardınca |
(EA-nın müxbir üzvü, professor Bağır Süleymanovu itirdik)
Tanınmış neftçi-alim, Elmlər Akademiyasının müxbir üzvü, professor Bağır Süleymanovu bu gün torpağa tapşırdılar. Məzunu olduğu, sonralar çalışdığı – o vaxtkı adı ilə Neft və Kimya İnstitutunda və SOCAR-da – onu tanıyan minlərlə insan bir-birinə dəydi bu gün. Heç kim bu qəfil və acı xəbərə inana bilmədi. Səhər tezdən dostum Əsgər Abbasov mənə qısa bir mesaj yazdı: “Çox pis xəbər var, Bağırı itirdik”…
O, məndən üç kurs yuxarıda, başqa fakültədə — Qaz-neft mədən fakültəsində oxuyurdu. Bizim “Tətbiqi riyaziyyat” kafedrası da Bağırgillə eyni binada — “Təzə bina” dediyimiz korpusda yerləşirdi. Amma onu tələbə vaxtı tanıma fürsətim olmadı.
Onu ilk dəfə ikimizin də elmi rəhbəri olan akademik Azad Mirzəcanzadənin “Köhnə bina”dakı kabinetində görmüşdüm. Hətta Azad müəllim bizim yeni tanış olduğumuzu görüb təəccüblənmişdi. İkimiz də fərqlənmə diplomu ilə məzun olmuş, təyinatla iki il çalışdıqdan sonra (Bağır Neft və Qaz Çıxarma İdarəsində hasilat üzrə operator, mühəndis, mən isə İnformasiya-Hesablama Mərkəzində mühəndis-riyaziyyatçı) aspiranturaya qəbul olunmuşduq.
Əsmər, bir qədər cüssəli, son dərəcə pozitiv, gülərüz, güləndə bütün bədəni tərpənən, utancaq bir gənc idi; üzündən abır yağırdı. Onu ilk gündən çox sevmişdim, oxuduğu kitablara, zəngin kitabxanasına, qədim Roma tarixinə sevgisinə, erudisiyasına və yüksək intellektinə heyran olmuşdum. Bağırın qardaşı – indi bir vaxtlar Azad müəllimin müdiri olduğu........