“Rusiya tipli rejimlərin başçıları Avropadakı kütləvi iğtişaşlara görə sevinir və öz xalqlarına təlqin edirlər ki, görürsüz...” |
Bizi sosial şəbəkələrdən izləyin:
“Heç bir demokratik dövlət qüsursuz deyil. Amma dövlətin qüsurlarının mövcudluğu həmin dövlətin bütün siyasi sisteminin avtoritar rejimlərdən daha ədalətsiz olduğunu sübut etmir...
“Bir ölkənin siyasi sistemini qiymətləndirərkən təkcə küçədə baş verənlərə deyil, məhkəmələrin müstəqilliyinə, seçkilərin azadlığına, medianın vəziyyətinə, korrupsiyaya, sosial təminata və vətəndaşın hakimiyyət qarşısında nə qədər hüquqa malik olduğuna da baxmaq lazımdır...”
“Problemlərin açıq müzakirəsinə və siyasi rəqabətə imkan verilmədikdə narazılıq aradan qalxmır, sadəcə görünməz olur. Belə narazılığın hansı anda, hansı formada üzə çıxacağını isə heç kim dəqiq proqnozlaşdıra bilməz...”
“Daha yaxşı dövlət qurmaq üçün mütləq bütün vətəndaşları susdurmaq lazım deyil. Əksinə, vətəndaşın narazılığını eşitmək, qanuni etiraz imkanlarını qorumaq və sosial problemləri vaxtında həll etmək uzunmüddətli sabitliyin əsas şərtlərindəndir...”
“Eyni zamanda, insanlar yalnız öz hüquqlarını tələb etməməli, başqalarının hüquqlarına da hörmət etməlidirlər. Etiraz azadlığı zorakılığa haqq qazandırmamalıdır...”
“Danimarka və Finlandiyanın təcrübəsindən çıxarılası nəticə budur: güclü dövlət hər şeyi özü idarə edən dövlət deyil, qanunların işləməsini təmin edən, korrupsiyanı məhdudlaşdıran və vətəndaşına etibar edən dövlətdir...”
“Dini şüarlar səsləndirən, amma korrupsiyaya göz yuman, ədalətsizliyi himayə edən, insanları hüquqlarından məhrum edən hakimiyyət də İslamın ədalət idealını həyata keçirmiş sayılmaz...”
“Eyni zamanda, dünyəvi dövlətin bütün dini dəyərləri rədd etməsi də zəruri deyil. Əsas şərt budur ki, dövlətin qanunları bütün vətəndaşlara bərabər tətbiq edilsin, heç kim dini inancına və ya inancsızlığına görə ayrı-seçkiliyə məruz qalmasın...”
“Dövlətin böyüklüyü xalqın ondan nə qədər qorxması ilə deyil, dövlətin öz xalqına nə qədər güvən verməsi ilə ölçülür...”
-GERÇƏKLƏRLƏ ÜZ-ÜZƏ...-
...Bu günlər Rusiya tipli rejimlərin başçıları Avropadakı kütləvi iğtişaşlara görə sevinir və öz xalqlarına təlqin edirlər ki, görürsüz, baxın, bizim ölkəmizdə sabitlikdir — belə iğtişaşlar baş vermir, dükanlar, banklar və s. dağıdılmır, maşınlar yandırılmır, xalq hər şeydən razı oturub evində, küçələrə çıxmır...
Elə bil, Rusiyanın, Çinin, Şimali Koreyanın, Türkmənistanın, Belarusun və digər avtoritar dövlətlərin başçıları bir-birinə göz vurub deyirlər: “Baxın, Avropanın demokratiyası budur! Özləri öz küçələrini dağıdırlar, bizdə isə sakitlikdir!..”
Bəs doğrudanmı belədir? Doğrudanmı dükanların, bankların şüşələrinin salamat qalması dövlətin gücünün, vətəndaşların küçələrə çıxmaması isə xalqın xoşbəxtliyinin ən mühüm göstəricisidir?
Gəlin, məsələyə bir qədər dərindən baxaq. Çünki siyasi təbliğatın ən köhnə üsullarından biri həqiqətin yalnız bir hissəsini göstərib, qalan hissəsini qaranlıqda saxlamaqdır...
Avropada nə baş verir və niyə?..
Fransa və İtaliyada, eləcə də digər Avropa ölkələrində müşahidə olunan etirazların arxasında sosial-iqtisadi narazılıqlar, bahalaşma, enerji qiymətləri, yaşayış xərcləri, ictimai xidmətlərin vəziyyəti və hökumətlərin siyasətinə etimadın azalması kimi amillər dayanır.
“Reuters”-in 20 oktyabr 2026-cı il tarixli materialında Avropada yanacağın bahalaşması və yaşayış xərclərinin artmasının etirazları gücləndirdiyi bildirilir. Fransada dinc nümayişlərin bir hissəsinin zorakılıq, yanğınlar və talanlarla müşayiət olunduğu qeyd edilir. “Associated Press” də etirazların ilkin səbəbləri arasında yüksək yaşayış xərclərini və təhsil sahəsindəki problemləri göstərir.
Deməli, burada iki ayrı məsələ var: insanların narazılığının səbəbləri və həmin narazılığın hansı formada ifadə olunması.
Vətəndaşın bahalaşmadan, işsizlikdən, hökumətin qərarlarından narazı qalması onun hüququdur. Mağazanı talamaq, avtomobili yandırmaq, başqa bir insanın əmlakını dağıtmaq isə həmin hüququn tərkib hissəsi deyil. Dinc etirazla cinayət əməlini bir-birinə qarışdırmaq olmaz...
Bəs talan edənlərin hamısı həmin etirazların təşkilatçılarıdırmı? Əlbəttə, bunu sübut olmadan demək olmaz. Ayrı-ayrı fürsətcil cinayətkarlar, radikal qruplar və siyasi motivli şəxslər kütləvi narazılıqdan öz məqsədləri üçün yararlana bilərlər. Bir neçə yüz nəfərin törətdiyi vandallığa görə küçələrə çıxan yüz minlərlə insanı cinayətkar elan etmək nə qədər yanlışdırsa, etiraz adı altında törədilən cinayətləri görməzdən gəlmək də bir o qədər yanlışdır...
........