"Hədəfdə vicdanlılardır: Seçim vaxtı...-Dünyadakı son böyük savaşlarda kimlərin tərəfində olmalıyıq?.."-III
Bizi sosial şəbəkələrdən izləyin:
“İlk növbədə bu sualların cavabları vacibdir: Kim digər dövlətin ərazisinə qanunsuz hərbi müdaxilə edib? Kim mülki əhalinin və mülki obyektlərin qorunması prinsipini daha ağır şəkildə pozub?..”
“Vicdanlı insanın borcu mütləq “bir tərəfin əsgəri” olmaq deyil; əvvəlcə insan həyatını qorumaq və zülmə şərik olmamaqdır. Əgər xalqının, dövlətinin müdafiəsi üçün mübarizə aparırsa, bunu da mülki insanlara qarşı zorakılıq etmədən və insanlıq sərhədini keçmədən etməlidir...”
"Bir dövlətin liderinin və ya generalının öz ölkəsində repressiv siyasət aparması, başqa dövlətin onu düşmən hesab etməsi və ya həmin şəxsin əvvəlki hərbi əməliyyatlarda iştirak etməsi onun avtomatik olaraq öldürülə bilən hədəfə çevrilməsi demək deyil..."
-FİKİR SAVAŞI...-
(Əvvəli burada:)
Vicdanlı insan hazırda planetdə gedən müharibələrdə kimlərin tərəfində olmalıdır?..
...Tarixən bütün savaşlarda da hədəfə öncə vicdanlı, qeyrətli insanlar gəlir. Çünki Haqqın, xalqın, Vətənin, dövlətin müdafiəsinə harın, rüşvətxor, korrupsioner məxluqlar yox, namuslu-qeyrətli və əsasən yoxsul təbəqədən olan kişilər, qadınlar atılır və təbii ki, ən çox qurban gedən, şəhid olan da belə insanlar olur...
Bu gün bəşəriyyət, az qala, III Cahan savaşı həddində bir neçə böyük savaşa meydan olub. Bəs vicdanlı insan hazırda planetdə gedən müharibələrdə kimlərin tərəfində olmalıdır?..
Hansısa savaşa münasibətdə bu suala cavab verərkən əvvəlcə iki məsələni ayırmaq lazımdır: müharibəni kim başlayıb və müharibə necə aparılır? Burada söhbət hansı dövlətin demokratik, hansının avtoritar olmasından getmir. Əsas meyar beynəlxalq hüquq və insan həyatıdır...
İlk sual budur: kim digər dövlətin ərazisinə qanunsuz hərbi müdaxilə edib? İkinci sual isə: kim mülki əhalinin və mülki obyektlərin qorunması prinsipini daha ağır şəkildə pozub?..
Rusiya–Ukrayna savaşı...
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya genişmiqyaslı hərbi müdaxilə etdi. BMT Baş Assambleyası həmin hərəkəti “Ukraynaya qarşı təcavüz” kimi qiymətləndirərək Rusiyanın qoşunlarını çıxarmasını tələb etdi. Qətnamə 141 səslə qəbul edilmişdi.
Mülki əhali məsələsində də konkret faktlar var. BMT-nin İnsan Hüquqları Monitorinq Missiyası 2023-cü ilin noyabrında artıq Rusiya ordusu tərəfindən 10 mindən çox ukraynalı mülki şəxsin öldürüldüyünü, 18 500-dən çox insanın yaralandığını təsdiqləmişdi. BMT vurğulayırdı ki, real rəqəm daha yüksək ola bilər...
2025-ci ildə də Rusiya zərbələri nəticəsində Ukraynada ən azı 2 514 mülki şəxs öldürülüb, 12 142 nəfər yaralanıb. BMT xüsusilə yaşayış məntəqələrinə uzaqmənzilli raket və dron hücumlarını qeyd edir...
Bu, Ukraynanın bütün hərbi əməliyyatlarının avtomatik qanuni olması demək deyil. Son iki ildə bu ölkə ordusunun Rusiya daxilindəki mülki obyektlərə müxtəlif vasitələrlə zərbələri olub və az sayda olsa da insan ölüb və ya yaralanıb... Lakin müharibənin başlanması və mülki əhalinin məruz qaldığı itkilərin miqyası baxımından əsas məsuliyyət məsələsi aydındır. Və burada vucdanlı insan Rusiyanı, Putin rejimini ittiham etməkdə tamamilə haqlıdır...
İsrail–Fələstin münaqişəsi...
Burada da tarix faktlarla ifadə edilməlidir. İsrail 1948-ci ildə yaradılıb; Qərb Sahili və Şərqi Qüdsün işğalı isə 1967-ci il müharibəsindən sonra başlayıb.........
