Kimə qayğı göstərsəm, qayğı dönüb dərd olur,
Düyünün açdığım ip, boynuma kəmənd olur.
S.Təbrizi
Şölə kompüterini açan kimi ilk işi öz “facebook” səhifəsini nəzərdən keçirmək oldu. Bütün yeni xəbərləri nəzərdən keçirdikdən sonra səhifəsində paylaşma etməyi qərara aldı. Çapdan yeni çıxmış kitabının istədiyi kimi səs-küy yarada bilməməsi onu məyus edirdi. Kitab haqqında rəylərin yazılması heç, təbrik edən belə olmamışdı… Buna görə də kitabına diqqəti artırmaq üçün çoxdan onu narahat edən bir məsələ ətrafında yazı paylaşmağı qərarlaşdırmışdı. Bir oxla iki dovşan vurmağı planlaşdırırdı. Həm onun haqqında tənqid yazan həmkarını tənqid etdirəcəkdi, bəlkə də təhqir, həm də yeni çap edilmiş kitabını təbliğ edəcəkdi. Ona görə də tələsik “facebook” səhifəsində paylaşım etdi. Paylaşdığı fikir isə belə idi: “Bu məndən nə istəyir?”
Şölənin “facebook” səhifəsindəki dostları onun nə paylaşdığını anlamadıqlarından ona sualla müraciət etdilər. Birinci sualı ünvanlayan Şölənin unveristet müəllimi olmuş Amid müəllim idi. Amid müəllim Şölənin özündən gec çıxan biri olduğunu bildiyi üçün yazdı: “Nə olub Şölə?”
Şölə müəlliminin sualını oxuyub cavab verməyib susdu. Amid müəllimin sualından çox qısa müddət sonra kurs yoldaşı olmuş Ədibə sual ünvanladı: “Nə olub Şölə?”
Şölə əsəbi-əsəbi Ədibənin yazdığı cümləni oxuyub suala cavab yazmaq əvəzinə, qıza sual ünvanladı: “Bilmirsən? Olanlardan xəbərin yoxdu?”
Ədibə Şölənin dediklərindən heç nə anlamadığından yazaraq soruşdu: “Bilmirəm, Şölə. Yaz, bilək”.
Şölə özündən çıxmış halda Ədibəyə cavab yazdı: “Bilənlərdən soruş…”
Şölənin nəyə hirsləndiyi Ədibə üçün maraq kəsb etmədiyindən dərinə getmədi. Şölənin xasiyyətinə bələd olduğu üçün cavab yazmamağa üstünlük verdi.
Bu vaxt Şölənin iş yoldaşı olan Səfurə Şölənin paylaşdığı statusun altında yazıb soruşdu: “Ay gözəl, nə olub? Niyə belə alovlanıbsan? 😊”
Şölə Səfurəyə də cavab vermədi. Bir müddət keçməsinə baxmayaraq, heç kimin reaksiya vermədiyini görüb öz-özünə əsəbləşdi. Şöləyə ürək-dirək verən bir neçə nəfərdən başqa heç kimi onun paylaşımına fikir verməmişdi. “Facebook” dostları əsas məsələni bilmədən ona ürək-dirək verirdilər: “Fikir vermə!”; “Olan şeydi!”; “Dəyirman öz işində, çax-çax baş ağrıdır”.
Şolənin hövsələsi daralmağa başlamışdı. Onun haqqında həmkarının yazmış olduğu tənqidi münasibəti yerləşdirməyə qərar verdi. Bir neçə ay əvvəl bir dəfə də yerləşdirmişdi. Onda paylaşım ətrafında mübahisələrin yaranmasında o qədər də maraqlı deyildi. İndi isə böyük bir mənfəət əldə edən insanlar kimi döyüşə hazırlaşmışdı. Onun haqqında elə-belə adam söz deməmişdi ki… Həm də adını hallandıracaq həmkarı onun “facebook” dostluğunda olmadığından, paylaşanları, yazılanları da görə bilmək imkanı yoxdur. Dostluğunda olanlarda ki, ona heç nə deməyəcəklər. Çünki bəziləri onun zəhmindən qorxduqları üçün, bəzilərinin də onun haqqında deyilən fikirlərin ürəklərindən olduğu üçün ona xəbər verməyəcəklərinə əmin idi. Zənni onu heç vaxt aldatmırdı. Odur ki, kitabdan özü haqqında olan hissəni səhifəsinə yerləşdirdi: “Oxşar problemə Azərbaycan ədəbiyyatı ixtisası ilə yanaşı ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə müdafiə edilən Əmirxanova Şölə Nəzər qızının “Son dövr ədəbiyyatında arxetipin yeni formaları” elmi işində rast gəlirik. “Müəllifin gündəliyin “əlyazma” arxetipinin təzahürlərindən biri kimi təqdim etməsi mübahisəli xarakter daşıyır, arxetip anlayışının elmdə qəbul edilmiş məzmununu inkar edir. Nəzəri anlayışların qarışdırılması “intertekstuallıq” və “hipermətn” anlayışların istifadə edilməsi zamanı da özünü büruzə verir.”
Yazını yerləşdirib öz-özünə gülümsədi. Yavaşca “əla” deyə pıçıldayaraq statusuna əlavələr edib yazdı: “Ay camaat, biri mənə desin, bunu yazan məndən nə istəyir? Mən hər cür elmi disskusiya etməyə hazıram. Mən hər cür elmi polemika aparmağa hazıram. Mən harada lazımsa, necə lazımsa elmi disskusiya aparmağa həmişə hazıram. Yazdıqlarımı müdafiə etməyə hazıram. O kimdir ki, mənim haqqımda bunu yazır? Kimdi axı? Kim?”
Şölənin dostluğunda olan Flora yazdı: “Uff, sən də, Şölə… Ay qız, sən də kim gəldi baş qoşursan e… Nəyinə gərəkdir, e… Yazıb yazıb… O, hamı üçün elə şeylər yazır. Boş ver. Podumaeş yazıb, i çto?”
Şölə yazı ətrafında polemikanı qızışdırmaq üçün Floraya cavab yazdı: “Mən baş qoşmuram. O, yazdığı bu fikirlərlə tək mənə yox, mənim respublikada deyil, bütün dünyada tanınan, məşhur olan, ingilis dilində mühazirələr oxuyan elmi rəhbərimə sataşır. Tutalım mən qanmıram, elmi rəhbərim də qanmır? Mənim elmi rəhbərim Amerikada, İngiltərədə, Koreyada, Hollandiyada, Fransada, Avstriyada, Danimarkada, Brazilyada və daha haralarda məruzələr etməyib… O, bilmir ki, səhvdir yoxsa yox… Bu bildi? Elə deyil axı, Flora… Bir yazdığını oxuyun da… Yazır ki, “müəllifin gündəliyin “əlyazma” arxetipinin təzahürlərindən biri kimi təqdim etməsi mübahisəli xarakter daşıyır, arxetip anlayışının elmdə qəbul edilmiş məzmununu inkar edir. Nəzəri anlayışların qarışdırılması “intertekstuallıq” və “hipermətn” anlayışların istifadə edilməsi zamanı da özünü büruzə verir.” Onun sözlərindən belə çıxır ki, mən arxetip anlayışının elmdə qəbul edilmiş məzmununu inkar edirəm.
Ədibə kurs yoldaşının kimə söz atdığını anlamadığından maraq içində yazıb soruşdu: “Şölə, bir de görək kimdir? Ad çəkmirsən? Söhbətin kimdən getdiyi bəlli deyil”.
Şölə Ədibəyə heç nə yazmayıb, yenicə çıxdığı ktabını səhifəsində paylaşdı. Paylaşdıqdan sonra yazdı: “Bu kitabımı tənqid edir, o. Belə bir kitabımı? Özü belə kitab yaza bilər? Mənim kimi yeni fikirlər deyə bilər? Yox… Deyə bilmədiyi üçün, mənim haqqımda elə yazır”.
Şölənin dostluğunda olan qocaman professor Qulu Qarayev yazdı: “Qızım, Şölə sənin “Oxşar problemə Azərbaycan ədəbiyyatı ixtisası ilə yanaşı ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə müdafiə edilən Əmirxanova Şölə Nəzər qızının “Son dövr ədəbiyyatında arxetipin yeni formaları” elmi işində rast gəlirik. “Müəllifin gündəliyin “əlyazma” arxetipinin təzahürlərindən biri kimi təqdim etməsi mübahisəli xarakter daşıyır, arxetip anlayışının elmdə qəbul edilmiş məzmununu inkar edir. Nəzəri anlayışların qarışdırılması “intertekstuallıq” və “hipermətn” anlayışların istifadə edilməsi zamanı da özünü büruzə verir” qoyduğun bu yazıda elmi səhv yoxdur. Sən niyə belə aqressiv olubsan? O vaxt aqressivləşməyə haqqın var idi ki, yazılan fikirdə elmi yanlışlıq olardı. Onda sən tamamilə haqlı olardın. Sənin tədqiqatına bələd olduğumdan, bir də indi paylaşdığın tənqidi iraddan aydın olur ki, sənə irad tutmuş şəxs haqlıdır. Sən gündəliyi də arxetipin təzahür forması kimi təqdim etmənə baxmayaraq, “əlyazma” arxetipinin bədii mətnlərdə formalarından biri kimi təqdim edirsən. Yadında saxla ki, gündəlik əlyazma arxetipinin təzahür forması ola bilməz. Sonra yazırsan ki… Daha doğrusu, “əlyazma”nı arxetip kimi verəndə, buna misal olaraq M. Bulqakovun “Master və Marqarita” əsərindəki ustadın qələmə almış olduğu və sonra yandırmağa cəhd etdiyi əlyazmanı obraz hesab edərək arxetip kimi dəyərləndirirsən. “Əsas obrazlardan biri “əlyazmadır” deyə qeyd etmisən. “Əlyazma” arxetipi kimi biz əsas olaraq, Quran, İncil, Tövrət, Avesta kimi dini kitabları və bu kitabların əlyazmalarını arxetip kimi qəbul edə bilərik. Müəlliflərin yazdıqları ya istifadə etdikləri “əlyazmaları” deyil. Məsələn, bəzi tədqiqatçıların yazdıqları fikirlər var ki, son dövrdə qələmə alınmış bəzi əsərlərdə təsvir edilən əlyazmaları arxetiplə əlaqələndirirlər. Arxetip hesab edirlər. Məsələn, belə bir yazı oxumuşdum ki “müstəqillik dövründə Azərbaycan ədəbiyyatının fəallaşması həm məhsuldarlıq, həm yeni forma, ideya, məzmun axtarışları baxımından, məhz bu əsrin əvvəllərinə təsadüf edir, bu baxımdan da həmin məsələyə diqqət artırmaq olardı. Məsələn, son vaxtlar oxuduğum bir çox əsərlərdə arxetipin çox maraqlı təzahür formaları var. Məsələn Əli Rza Xələflinin “Od” romanında süjet əvvəldən axıra qədər əlyazma arxetipi ilə əlaqədardır. Yaxud yazıçı Şamil Sadiqin “OdƏrlər” romanında yenə həmin arxetip – əsərin süjet xəttinin əsasında qədim bir əlyazmanın axtarışı dayanır. Və s.” Təkrar edirəm ki, “əlyazma” arxetipi kimi biz əsas olaraq, Quran, İncil, Tövrət, Avesta kimi dini kitabları və bu kitabların əlyazmalarını arxetip kimi qəbul edə bilərik. Bir məsləhətim də var qızım, dahi Nizami deyib ki,
Sözün də su kimi lətafəti var;
Hər sözü az demək daha xoş olar.
Çox danışmaq bəlkə sənə asandır;
“Çox oldu!” desələr, böyük nöqsandır.
Şölə özündən yaşca böyük olan adamın yazdığı fikrə cavab yazmağı mütləq olduğunu nəzərə alıb yazdı: “Hörmətli professor! Deyirsiniz ki, məni tənqid etsinlər, mən də susum? Elə şey ola bilməz… Mən hər disskusiyaya hazıram. Fikirlərimi elmi polemika ilə müdafiə etməyə həmişə hazıram. Mən səhv heç nə yazmamışam. Hamı məni tərifləyir. Hamı mənim yazdığımı anladı. Bircə o ağıllı çıxdı? Mənim yazımda irad axtarır. Qəsdlə edir, professor. Savadlı adamları gözü götürmür, o səbəbdən mənə qarşı belə qərəzli çıxış edir”.
Qulu müəllim Şölənin heç nə anlamadığını, burda mənəm, Bağdadda kor xəlifə dediyini anlayıb susdu. Cavab yazmağı nə yaşına, nə də özünə yaraşdırmadı. Qulu müəllimin cavab yazmadığını görən Şölə pərt oldu. Bu vaxt Şölənin müəllimi olmuş Qızılgülün yazısı rəy bölümündə göründü. Qızılgül Şöləyə yazırdı: “Sənə nə olub Şölə? Kim nə yazsa da fikir vermə. Sənin yazdığını səndən artıq bilən ola bilməz. O mövzunu sən işləmisənsə, sən də o mövzunu bilirsən. Dünya dağılsa da, səndən başqası o mövzunu səndən yaxşı bilə bilməz. Bunu yadında saxla. Həm də kitabın çıxmağın münasibətilə də təbrik edirəm. Xeyirli olsun. Nə vaxt yazdın? Nə mövzusudur?”.
Şölə Qızılgüldən çox çəkinirdi. Ona görə yazacağı hər sözü fikirləşərək yazmağa cəhd etdi. Yazacağı sözü yüz ölç, bir biç prinsipinə əsasən yazmağa başladı. Fikirləşdiklərini bir neçə dəfə yazıb sildikdən sonra nəhayət qərarlaşdırıb yazdı: “Əziz Qızılgül xanım! Yeni kitabım deyəndə, fəlsəfə dərəcəsi almaq üçün təqdim etdiyim tədqiqatı monoqrafiya şəklində çap etdirmişəm. Sizin üçün də şöbədə katibənizə vermişəm. Xarici səfərdə olduğunuza görə Sizi görə bilmədim. İnşallah işə çıxanda götürərsiniz”.
Qızılgülün həmin dəqiqə cavab yazmağını görən Şölə sevindi. Diqqətlə səhifəsində görünəcək Qızılgülün cavabını səbirsizliklə gözləməyə başladı. Qızılgül yazırdı: “Sən mənim sevimli tələbələrdən biri olmusan. Nə demişik, yerinə yetiribsən. Hara getmək lazımdır gedibsən, nə etmək lazımdır edibsən. Bizi heç vaxt peşiman etməmisən. Hamını razı salmağı bacarmısan. Amma burda belə mübahisə açmağın yersizdi. Sənin adını bir cümlədə qeyd edənin adını burada, facebook səhifəndə hallandırmağın onu təbliğ etmək deməkdir. Sən onun başını burax. Onunla heç kim bacara bilmir. Dəyirmanın gözündən ölü salırsan, diri çıxır. Nə isə… Fikrimdən uzaqlaşmayım. Mən sənin kitabında əksini tapmış yazılardan xəbərim var. Ona görə də maraqlı faktları qeyd edəcəm, hamı bilsin. Lazım olan məqamları da dostlarına özün izah et. Sən dediyinin əksi, bilməyənlər biləndən öyrənsin. Görsünlər ki, ədəbiyyatşünaslıq elminə necə şedevr əsər vermisən. Bu böyük işləri hamı bacarmır. Heç rəhmətlik Yaşar Qarayev, Əziz Mirəhmədov da bacarmayıb. Bunu bizlər bacardıq, bizim davamçılarımız olan sizlər. Ona görə sənin bu dəyərli kitabın haqqında qısa məlumat verəcəm. Qoy facebook dostların oxusunlar. Mən sənin işinə yaxından bələdəm. Bilirəm ki, Azərbaycan ədəbiyyatında arxetipin yeni formalarından bəhs etmisən, həm Azərbaycan, həm də dünya ədəbiyyatı nümunələri arasında qarşılıqlı paralellər aparmısan”.
Bu vaxt rəy bölümündə Şölənin dostluğunda olan iş yoldaşı Səfurənin rəyi göründü. O, Qızılgülün sözlərini təsdiqləmək məqsədilə yazırdı: “Qızılgül xanım, bilirsiniz ki, işlə məndə tanışam. Maraqlı mövzuya toxunur Şölə. Arxetiplərin intertekstual baxımdan təzahür etməsini göstərə bilib. Çox, çox maraqlıdır… Arxetiplərin müxtəlif əsərlərin bədii mətnlərində necə əksini tapmasına nəzər salmaq hər insanın işi deyil. Şölə bunu bacara bildi. Qızılgül xanım, maraqlı məqamlardan biri də, arxetipin formaca yeni təzahürü olan struktur arxetiplərin araşdırılmasıdır. Şölə əsasən, arxetipin hipermətn və fan-fiction kimi növləri olmasını meydana çıxartmağa nail ola bildi. Buna hünər lazımdır”.
Qızılgül Şölənin kitabını təbliğ etmək məqsədi ilə yazdı:”Haqlısan, Səfurə. Kitab çox maraq kəsb edir”.
Şölə ünvanına söylənilən təriflərdən məst olaraq yazdı: “Diqqətinizə görə hamınıza ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Haqlısınız, mən Azərbaycan ədəbiyyatında hipermətn və fan-fiction növlərini formanın təzahürü kimi araşdırmağa çalışmışam. Ədəbiyyatımızda arxetiplərin, ümumi arxetip süjetlərin əksində Azərbaycandakı mətnlərin özünəməxsusluğu özünü göstərir. Arxetipin strukturca yeni formaları olan fan-fiction və hipermətnin ədəbiyyatımızda ilkin rüşeymləri mövcuddur. Onu da əminliklə deyə bilərəm ki, müasir Azərbaycan ədəbiyyatının növbəti inkişaf mərhələlərində arxetiplərin təzahüründə daha yeni struktur formaların meydana çıxması mümkündür. Yəni, hipermətn və fan-fiction kimi növləri…”
Qızılgül Şölənin yazdıqlarına cavab olaraq yazdı: “Şölə, arxetipin struktur formalarından deyəndə hipermətnin adını çəkdin. Həqiqətən də müasir Azərbaycan ədəbiyyatında hipermətn formasına rast gəlinir. Səncə, bu forma bədii yaradıcılığı zəiflədən bir şeydir, yoxsa, uğurlu bir məsələdir?”
Şölə kompüterin arxasında əllərini biri-birinə sıxdı. Sonra bir-bir barmaqlarını oynadaraq asta-asta yazmağa başladı: “Professor, bir tərəfdən uğurlu məsələdir. Niyə? Ona görə ki, ədəbiyyatımızın dünya ədəbiyyatına inteqrasiyasında yeni formalar bizdə də öz təzahürünü tapır”. Sonra nə fikirləşdisə izahını genişləndirərək yazmağa başladı: “Belə baxanda bir mətnin müxtəlif müəlliflər tərəfindən yeni versiyası yaradılırsa, məsələn, Dədə Qorqudun Kamal Abdulla tərəfindən, yaxud digər müəlliflər tərəfindən yeni versiyasının yaradılması ədəbiyyatı zənginləşdirir və müasir ədəbi prosesə uyğun olaraq burada oxucunun da öz fikirləri əksini tapır. Bir növ hər kəs öz mətnini yaradır. Bu baxımdan müsbət bir proses kimi dəyərləndirmək olar”.
Qızılgül Şöləni daha çox yazması üçün əlavə sual verməsini məqsədəuyğun bildi. Düşündü gərək elə sual yazsın ki, Şölə onu cavablandıra bilsin. Şölədə o........