Nüsrətin ömrünü bu hadisə qısaltdı - Sabir Rüstəmxanlı

KÜLƏK APАRIR SÖZÜMÜ

Ömür vəfa qılsaydı, 80 yaşını bayram edəcəkdik. Və yəqin ki, yaş onun yaxınlarına daim gülümsəyən üzündəki işığa kölgə sala, səmimiyyətinə heç bir təsir göstərə bilməyəcəkdi.

Nüsrət Kəsəmənli ötən əsrin altmışıncı illərinin sonunda poeziyamıza gələn və qısa müddətdə ictimaiyyətin diqqətini cəlb edən, oxucuların sevgisini qazanan parlaq bir ədəbi şəxsiyyət idi. Boylu-buxunlu, ötkəm, gülərüz, ömrün çətinliklərinə mərdi-mərdanə sinə gərən, etibarlı, sözü üzə deyən, xırdaçılığı sevməyən, ürəyi sevgiylə və xeyirxahlıqla dolu bir gənc idi. Bakıya bizdən sonra gəlmişdi və elə ilk görüşümüzdən girişsiz – müqəddiməsiz bir-birimizə ürək qızdırmışdıq. Hansı gündən, hansı olaydan? – xatırlamaq çətindir; yəqin o da dəqiq deyə bilməzdi; mənə elə gəlirdi, biz elə uşaqlıqdan tanışıq. Bakıya gətirən əziyyətli, ehtiyac dolu yollarda həmişə yanaşı olmuşuq. Bunun çox sadə bir səbəbi vardı: ilk şeirlərimizin çoxu oxşar yolların və talelərin, bənzər sevgi və ayrılıqların, doğma ruhların ifadəsiydı. Bizdən öncə şeirlərimiz yaxınlaşmışdı, onları dinləyəndən sonra təqdimata, keçmişin və kimliyin haqqında əlavə bilgiyə ehtiyac qalmır. Zaman keçdikcə mövzularımız, ədəbi maraq dairəmiz genişləndi, ayrıldı, müəyyən məqamlarda bir-birindən uzaqlaşdı, hərə allahın məhz onun çiyninə qoyduğu görəvi daşımağa başladı, ancaq bu, əqidə yaxınlığımıza təsir göstərmədi.

Elə bu ruh doğmalığı hiss olunmadan Çingiz Əlioğlunu, Nüsrət Kəsəmənlini və məni yaxınlaşdırmışdı, aramızda uzun illər davam edən, ədəbi mühitimiz üçün nadir bir dostluq nümunəsi yaranmışdı. Biz xaraktercə fərqliydik, ancaq dostluğumuzun bir səbəbi də bu müxtəlif xarakterlərin bir-birini anlamasıydı. İndi bu fərqləri yaza bilmərəm, daha doğrusu, bu, məni ilgiləndirmir, çünki bu fərqləri bizim yazılarımızda görmək çətin deyil. Maraqlı olan bu fərqliliyin bir arada, bir-birinə mane olmadan, qısqanmadan, bir-birinin uğurlarına sevinə-sevinə yaşaya bilməsiydi. Hər birimizin ayrı mühiti, ayrı dostlarımız da vardı; məsələn, mən ədəbi mühitdə Fərman Kərimzadə, Məmməd İsmayıl, Musa Yaqub, Məmməd Aslan, Hidayət, Tofiq Hüseyn, Ramiz Rövşən, Seyran Səxavət, Tahir Qurbanov, İsa İsmayılzadə, Altay Məmmədov, Məmməd Araz və Sabir Əhmədlini də, bəziləriylə yaş fərqlərimizə baxmayaraq, yaxın dostlarım sayırdım, bir yerdə oxumaqdan, bir yataqxanada yaşamaqdan, bir mənzildə kirayəkeş olmağımızdan, bir yerdə işləməkdən tanıdığım, sevdiyim bir çox doğma insanlar vardı. Lakin bu, “üç qardaş”ın əlahiddə bir yol getməsinə mane olmurdu, əksinə, bizim yaxınlığımız sonralar uşaqlıq, gənclik dostlarımızı da tanışdırmışdı.

Nüsrət Kəsəmənli toplumda itib-batan adam deyildi; onu dost da görürdü, düşmən də, elə ilk görüşdən yaddaşlara həkk olunurdu. Şeirləri də beləydi, çünki şeirləri də boyu bərabərindəydi, ilk oxunuşdan oxucu qəlbində yer qazanırdı. Şeirləri kitabdan, ədəbiyyatdan yox, taleyindən, çəkdiyi acılardan, sevgisindən və ayrılıqlarından gəlirdi; bəzən iç dünyasının və yaşadıqlarının çılpaqlığını göstərməkdən çəkinməyən və ənənəvi görünməyən qədər intim, cəsarətli, mərd və səmimiydisə, bəzən də heç bir haqsızlığa dözməyən dərəcədə üsyankar və barışmazdı. Dözümlüydü, ancaq qəfildən tufan qoparmağı da vardı. Ədəbi taleyi ona uşaqlıq taleyini unutdurmadı, Bakı sevgisi Ağstafanın “ata-ana sevgisizliyinin”, “anaları corab toxuyan”, “yumaq açıldıqca bükülən” nənənin boynuna dolanmaq üçün açılan qollarının yerini doldurmadı, ancaq bu dərdlər şeirə keçdikcə ədəbiləşdi və əbədiləşdi, paylandı, hamının malı oldu, paylandıqca Nüsrətin yükü şeir-şeir yüngülləşdi, oxucu sevgisi kədərli xatirələri şeir-şeir əvəz etdi və Nüsrət otuz yaşına istedadının və oxucu sevgisinin toxluğu, arxayınlığı ilə, saraylarda yaşamış, əziyyət görməmiş bir gəncin vüqarıyla, başıuca gəldi. Və bir çox sıxıntıların üstündən adlamağa dostluğumuz da yardım etdi, bir-birimizə mənəvi dayaq olmağı........

© axar