We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Gəlimli-gedimli dünya... - Təranə Paşayeva yazır

3 0 3
25.02.2021

İnsan doğulur, bir ömür yaşayır, sonra həyata vida edir. Əsrlərdir xalqın dilində formalaşan "ölüm haqdır" ifadəsi də hər yaşamın sonu olduğu həqiqətini deyir. Çiçək, böcək, kəpənək, təbiətdə canlı olan nə varsa, doğulur və ölür.

İnsan övladının dünyaya gəlişi sevinc, dünyadan gedişi hər zaman hüzn, kədər doğurur. Niyə belədir? Niyə doğuluşu bayram edir, ayrılığa hüznlənir, yas tuturuq? Qəribədir, ailədə körpə doğulur, bu sadəcə doğmalar və yaxın çevrə dairəsində qeyd edilir. İnsan dünyadan köçür, el yığılır, çadırlar qurulur, ehsan verilir, ölünün ruhuna fatihələr oxunur.

Dünyanın bütün xalqları insan ölümünü özlərinə məxsus şəkildə mərasimləşdirirlər. Azərbaycanda ta qədimlərdən bu günümüzə qədər gələn yas ənənələri xüsusi mərasimlər şəklində keçirilir. Cənazə mərasimi, 3-cü gün, 7-ci gün, 40-cı günə qədərki cümə axşamları, 40-cı gün, bəzi bölgələrdə hətta insan vəfatının 52-ci günü belə xüsusi qaydada qeyd olunur. Və nəhayət, bir ilin tamamında kütləvi mərasimlərə son verilir. Sonrakı illərdə vəfat edən şəxs doğum və ölüm günlərində yalnız doğmalar tərəfindən yad edilir, ruhuna fatihələr oxunur, adına halva çalınır.

Yas mərasimlərinin insanlar üçün nə anlamı var?

Ölüm və yas fəlsəfəsi haqqında ayrı-ayrı əsrlərdə yaşamış filosofların, alimlərin çoxlu sayda fikirləri elmi kitablarda, tədqiqat əsərlərində yer almışdır. Bizim məqsədimiz ölüm fəlsəfəsi barədə danışmaq, alimlərin fikirlərini diqqətə çatdırmaq deyil.

Son zamanlar insan ölümünün adiləşməsi ilə bağlı fikirlər də eşidirik. Hətta yaşlı adamların dilindən belə bir kəlmə də səslənir: İnsan ölümü toyuq ölümü qədər ucuzlaşıb. Bu, ümumən insan amilinin dəyərsizləşdiyini ehtiva edən bir fikir kimi düşünülə bilər?

Ekran-efir, sosial şəbəkələr hər gün ölüm xəbərləri verir. Dünyanın ən ucqar nöqtəsində baş verən fəlakətlərdən, faciəli hadisələrdən anında xəbər tuturuq. Bunları bilmək, eşitmək bizə nə verir, hüzn, qüssə, kədər gətirən bu bilgilər bizim həyatımıza, psixologiyamıza necə təsir edir, ümumiyyətlə, bunlar barədə düşünən varmı?

Əziz və doğma insan həyata əbədi vida edir. Dünyanın ölümlü olduğunu bilə-bilə yenə itkilərə üzülürük, bu yoxluğa inanmaq istəmirik, yas tuturuq, soyuq məzar daşına sarılaraq göz yaşı axıdırıq. Sanki bununla içimizdəki ağrı-acını azaldırıq.

Bəs dünyanın ölümlü olduğunu bilə-bilə niyə ölüyə yas tuturuq, bunun anlamı nədir? Niyə seçilmiş günlərdə ölən insanı mərasimlərlə yad edirik? Doğması həyatdan köçən dostumuza, oğlu şəhid olan anaya, atasını müharibədə itirən azyaşlı uşağa necə yanaşmalıyıq, onların acısını yüngülləşdirmək üçün nələrsə etməliyikmi?

İnsan şüurlu olduğu qədər də emosional varlıqdır. Yaxınının, doğmasının ölümü onu təbii olaraq kədərləndirir. Amma xarakterlər fərqli olduğu üçün hər insan qəmi, kədəri fərqli şəkildə yaşayır. Burada digər faktorlar da var. Məsələn, ölənin hansı yaşda olması, uşaqdırmı, yeniyetmə və ya gəncdirmi, xəstə və ya yaşlıdırmı? Bir başqa faktor ölümün baş vermə vəziyyətidir. Qəfil........

© 525-ci Qəzet


Get it on Google Play