We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Möhtəşəm Azərbaycançılıq hadisəsi - İsa Həbibbəyli yazır

2 0 0
01.07.2020

Azərbaycançılıq ideyası və idealı haqqında ilk mətbu çağırışların meydana çıxdığı XIX əsrin sonları və XX əsrin əvvəllərindən bizim günlərə qədər kifayət qədər ədəbi, elmi və siyasi fikirlər irəli sürülmüş, bir çox tədqiqat əsərləri və məqalələr meydana çıxmışdır.

Ölkəmizin müstəqil dövlətçilik statusu qazanması ilə əlaqədar olaraq XX əsrin doxsanıncı illərindən sonra azərbaycançılıq ideyasından həm də dövlət ideologiyası modeli kimi də söz açılmaqdadır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin azərbaycançılığı müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyası olaraq bəyan etməsi ilə bu anlayışın ətrafındakı araşdırmalarda olan milli düşüncəni azərbaycançılıq ideologiyasının əhatə dairəsi, mahiyyəti və əhəmiyyəti kimi məsələlərin şərh edilməsi əvəz etmişdir. Artıq elmi-ədəbi və ictimai mühitdə azərbaycançılıq anlayışına fəlsəfi-siyasi, hüquqi-tarixi və dilçilik və ədəbiyyatşünaslıq aspektlərindən yanaşmaları ifadə edən mövqelər, təhlillər və dəyərləndirmələr mövcuddur. Lakin azərbaycançılıq ideyasına bütün yönləri ilə hərtərəfli şəkildə və kompleks yanaşmaları özündə cəmləşdirən, anlayışın tam mənasını real tarixi-həyatı və yüksək elmi-ədəbi səviyyədə ifadə edən ümumiləşdirici əsərlərə ciddi ehtiyac vardır. Fikrimcə, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 2020-ci ildə Bakıda, "Qanun" nəşriyyatında çap olunmuş "Yaşamaq haqqı" adlı kitabı ölkəmizdə azərbaycançılıq istiqamətində yaşanmış tarixi təcrübələri, aparılmış elmi-ədəbi axtarışları, keçilmiş ictimai-siyasi prosesləri və mühüm ədəbi-tarixi şəxsiyyətlərin fəaliyyətini özündə geniş şəkildə əks etdirən möhtəşəm elmi-publisistik əsərdir. Bu, azərbaycançılıq anlayışının tərkibinə daxil olan bütün əsas və ən mühüm komponentləri özündə cəmləşdirib, ədəbi və ictimai proseslərin işığında real surətdə, geniş şəkildə əks etdirən və ümumiləşdirilmiş təsəvvür yaradan ilk ədəbi-ictimai və elmi-tarixi kitabdır. "Yaşamaq haqqı" - Xalq yazıçısı Anarın təqdimatında azərbaycançılığın əsrlərin süzgəcindən keçərək, tarixin sınaqlarından çıxaraq, davamlı ənənələrə çevrilmiş və artıq dayanıqlıq qazanmış dəyərlərinin genişhəcmli bir kitabda ümumiləşdirilmiş təcəssümüdür. Hər bir azərbaycanlı üçün gərəkli və əhəmiyyətli olan azərbaycançılıq ideallarını Xalq yazıçısı Anar, necə deyərlər, "öz köynəyindən" keçirməklə, bu taleyükü ümummilli ədəbi-ictimai dəyərlərə baxışlarını meydana qoymaqla mütəfəkkir bir Azərbaycan yazıçısının təqdimatında azərbaycançılığın miqyasını və masştabını müasir cəmiyyətin diqqətinə çatdırmaq vəzifəsini şərəflə və məsuliyyətlə yerinə yetirmişdir. Bu mənada konkret bir yazıçının baxışlarının və dünyagörüşünün ifadəsi olsa da, "Yaşamaq haqqı" kitabı hər bir Vətən övladı üçün təsirli və əhəmiyyətli azərbaycançılıq dərsləri səviyyəsində ümumiləşdirilmiş traktat təəssüratı yaradır.

Xalq yazıçısı Anarın mövzu ilə əlaqədar olaraq zəngin bədii ədəbiyyat nümunələri və özünün şəxsi müşahidələri ilə yanaşı, həm də dövrü mətbuat materiallarından, arxiv sənədlərindən, ailə arxivindən, elmi əsərlərdən, memuarlardan, məktublardan və nadir fotoşəkillərdən yerli-yerində və yaradıcı şəkildə istifadə etməklə meydana qoyduğu "Yaşamaq haqqı" kitabı canlı və əyani bir azərbaycançılıq traktatı missiyasını yerinə yetirir. Geniş mənada "Yaşamaq haqqı" - Xalq yazıçısı Anarın təqdimatında mükəmməl bir ümumiləşdirilmiş Azərbaycannamədir. Fikrimizcə, görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin XX əsrin əvvəllərində yazdığı məşhur "Anamın kitabı" dramından və Xalq şairi Səməd Vurğunun elan etdiyi "Azərbaycan epopeyası"ndan sonra Xalq yazıçısı Anarın təqdim etdiyi "Yaşamaq haqqı" Azərbaycan ədəbi-ictimai fikrində azərbaycançılıq haqqında yaranmış növbəti möhtəşəm abidədir. Məlum olduğu kimi, böyük demokrat Cəlil Məmmədquluzadə Azərbaycanın taleyi haqqında fikirlərini 1920-ci ildə qələmə aldığı "Anamın kitabı" adlı dram əsəri ilə, Səməd Vurğun poemalar silsiləsi vasitəsilə mənsub olduğu xalqa bədii şəkildə böyük vətəndaşlıq ruhu ilə çatdırmaq missiyasını həyata keçirmişlər. Anarın "Yaşamaq haqqı" kitabı isə bədii əsər olmayıb, elmi-ədəbi və ictimai-tarixi traktat kimi meydana çıxmışdır. Müəllif özü "Yaşamaq haqqı"nın janrını "şəxsi xatirələr işığında tarixi-siyasi traktat", yaxud "çox iri esse; və ya dastan" adlandırsa da, kitabda elm və ədəbiyyat faktorunun geniş yer tutduğu da aşkar müşahidə olunur. Fikrimizcə, "Yaşamaq haqqı"nın janrını müəyyən edərkən bura müəllifin qeyd etdiyi "tarixi-siyasi" istiqamətlərlə yanaşı, elmi-ədəbi faktorları da əlavə etmək lazımdır. Bizə görə, Anar özü də əslində, təqdim etdiyi formatda həmin genişliyi nəzərdə tutmuşdur. Belə ki, Anarın "janr təyini" kimi müəyyən etdiyi formatdakı "şəxsi xatirələr işığında" sözlərinin daşıdığı məna çalarları içərisində onun əsərin yazılması prosesində bir yazıçı kimi öz müşahidələrinə, ədəbi mülahizələrə, ədəbiyyat amilinə istinad edildiyi etiraf olunmuşdur. Bundan başqa, kitabda birbaşa ədəbiyyat məsələlərinə, ədəbi şəxsiyyətlərin xidmətlərinə, fəaliyyətlərinin müxtəlif məqamlarına, hətta ayrı-ayrı bədii əsərlərə həsr olunmuş hissələr də mövcuddur. Yazıçı Anarın ədəbi fəaliyyətində isə elm faktoru həmişə özünəməxsus xüsusi yer tutmuşdur. "Sizsiz" və "Kərəm kimi", "Əsrim-nəslim" kimi sənədli romanlarında, Dədə Qorqud, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov və Hüseyn Cavidə həsr edilmiş ssenarilərində, tanınmış simalar haqqındakı esselərində ədəbiyyat materialı ilə yanaşı, elm faktorunun da böyük yeri vardır. Bundan başqa, Anarın "Dədə Qorqud dünyası", "Anlamaq dərdi", "Nəsrin fəzası", "Şairin dərdi", "Türkün sözü", "Şairin hünəri" və sair kimi ciddi elmi əsərləri professional ədəbiyyatşünaslıq faktı kimi qəbul edilir. Anar "Qobustan" jurnalının baş redaktoru olaraq da ədəbi fəaliyyətində qoşa qanad kimi ədəbiyyatşünaslıqdan başqa, dilçilik, sənətşünaslıq, tarix, folklor, etnoqrafiya sahələrinin imkanlarından yaradıcı şəkildə istifadə etməyin mükəmməl örnəklərini meydana qoymuşdur. Bütün bunlara görə, "Yaşamaq haqqı"nın ilk növbədə ictimai-tarixi aspektdə yazılmış elmi-ədəbi traktat kimi meydana çıxması tamamilə qanunauyğun olub, Anarın çoxcəhətli yaradıcılıq fəaliyyətinin təkamül prosesindən doğan mühüm hadisədir. Anarın bu vaxta qədərki bədii əsərlərində elm ikinci faktor kimi iştirak edirdisə, indi burada, "Yaşamaq haqqı"nda tərəflərin yeri dəyişdirilərək, mətndə ədəbiyyat amili ikinci plana keçirilmişdir. "Yaşamaq haqqı" traktatında Anar elmlə, tarixlə, siyasətlə ədəbiyyatın mükəmməl bir sintezini yaratmağa müvəffəq ola bilmişdir. Ona görə də, geniş əhatə dairəsi nəzərə alınmaqla, "Yaşamaq haqqı"nın janr baxımından elmi-ədəbi traktat adlandırmaq daha real təyinatdır. Həm də Anarın yazıçı olaraq yanaşmalarında elmlə ədəbiyyat, tarixlə siyasət əksər məqamlarda üzvü vəhdət təşkil etdiyindən yığcam və anlaşıqlı olsun deyə "Yaşamaq haqqı"nı ədəbi-tarixi traktat adlandırmaq kifayət edir. Yazıçının fəhm etdiyi "bəlkə doğrudan da dastan" mülahizəsi isə "Yaşamaq haqqı"nın geniş həcmi ilə uyğun gəlsə də, dastan janrı üçün xarakterik olan mübaliğələrlə təqdim olunan kitabdakı obyektiv reallığa mümkün olduqca daha çox sədaqət göstərmək prinsipi üst-üstə düşmür. Traktat janrının tələb etdiyi təqdim olunan problemləri ictimai mühitin müzakirəsinə çıxarmaq, fikir mübadiləsinə meydan açmaq prinsiplərinin "Yaşamaq haqqı" üçün də uyğun olduğunu nəzərə almaqla, əsəri ədəbi-tarixi traktat adlandırmaq oxuculara çatdırılan mətnin forma və məzmununa tam münasibdir. Beləliklə, Mirzə Fətəli Axundzadənin məşhur "Kəmalüddövlə məktubları" janr etibarilə fəlsəfi traktat, Əli bəy Hüseynzadənin "Siyasəti-fürusət" əsəri ədəbi-siyasi traktat olduğu kimi, Anarın "Yaşamaq haqqı" da XXI əsr Azərbaycan ədəbiyyatının mükəmməl ədəbi-tarixi traktatıdır.

"Yaşamaq haqqı"nda ən qədim dövrdən bizim günlərə qədərki Azərbaycan tarixinə və azərbaycançılıq ideyasının təkamülünə dair ictimai-ədəbi baxışlar, hadisələr və proseslər özünün geniş əksini tapmışdır. "Yaşamaq haqqı" - tariximizdə və günümüzdə hər olub keçən əhvalatların və təfərrüatların deyil, xalqımızın milli varlığını müəyyən edən, tarixi mərhələyə çevrilmiş, zamanın irəliyə doğru inkişafına təsir göstərə bilən ədəbi-tarixi proseslərin traktatıdır. Anar tarixdən və ədəbiyyatdan ayrı-ayrılıqda bizlərə bəlli olan hadisələr və şəxsiyyətlər haqqındakı seçilmiş ədəbi-tarixi faktları və prosesləri, görkəmli şəxsiyyətlər haqqında baxışları xronoloji qaydada azərbaycançılıq ideyası ətrafında vahid süjet xətti üzrə birləşdirərək yeni və zəngin ədəbi-elmi material kimi oxuculara təqdim edir. "Yaşamaq haqqı"nda ən qədim hadisə kimi "Orxon-Yenisey" kitabələrindən, "Kitabi - Dədə Qorqud" dastanlarından, Oğuznamələrdən, "Divani-lüğət-it türk" divanından başlayaraq, orta əsrlərin böyük dil hadisəsi olan klassik poeziyanın yaradıcılarına, çar Rusiyasının Azərbaycanı işğal etməsinə, ölkəmizin parçalanmasına, maarifçilik hərəkatına, "Molla Nəsrəddin"in tarixi roluna və "Füyuzat"la münasibətlərinə, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi taleyinə, Qafqazda erməni məsələsinə, bolşeviklərin ərazilərimizi işğal etmələrinə, repressiya hadisələrinə, Mir Cəfər Bağırov dövrünün ziddiyyətlərinə, Cənubi Azərbaycanda gedən demokratik proseslərə, mühacirət xadimlərinə, "Xruşov mülayimləşməsinə", görkəmli dövlət xadimi Heydər Əliyev epoxasının birinci və ikinci mərhələlərinədək, minilliklər ərzində baş vermiş mühüm proseslər ədəbi-tarixi planda əks etdirilmişdir. Burada həmçinin, yaxın dövr tariximizin Dağlıq Qarabağ hadisələrinə, dövlət müstəqilliyi uğrunda mübarizənin mürəkkəb ictimai-siyasi vəziyyətinə və nəhayət, yeni tarixi epoxanın böyük hadisələrinə və Yazıçılar Birliyində gedən proseslərədək olan çox mühüm ədəbi-tarixi hadisələrin mahiyyəti azərbaycançılıq düşüncəsi işığında açıqlanmışdır. Beləliklə, bir neçə tarixi epoxanın hadisələrini və şəxsiyyətlərini təsvir edib mənalandıran "Yaşamaq haqqı" azərbaycançılıq haqqında ədəbi-tarixi epopeya təəssüratı yaradır. Bu, azərbaycançılıq idealları uğrunda gedən çoxəsrlik mübarizələrin mərhələlər üzrə ayrı-ayrılıqda tarixi romanı, tam halda isə epopeyasıdır. Sadəcə olaraq epik ədəbiyyatın janrları olan tarixi roman və epopeyadan fərqli........

© 525-ci Qəzet


Get it on Google Play