We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Ahıskalı Şair Molla Məhəmməd Səfili - Asif Hacılının yazısı

3 0 24
11.02.2021

Beyçarə Səfili, fani dünyada,
Artar oldi dərdim hədən ziyada,
Sən ki bənə verdin ol bari xuda,
Vermə bəndən özgə qula dərdimi.

Molla Məhəmməd Səfili

Ahıska türklərinin etnik mədəniyyətində və milli kimlik şüurunda mühüm yer tutan ustad sənətkarlardan biri Koblıyanlı Aşıq Molla Məhəmməd Səfilidir. Dərin bilikli, fitri istedadlı, əqidəli şəxs olan Səfili Xocanın yaradıcılığı ilahi mətləblərdən, həyat fəlsəfəsindən, xalqının taleyindən ayrılmazdır. Həyatı boyu ədalət və sülh, azadlıq və səadət axtarışında olmuş Səfili böyük sənətkar və üləmadır, haqq yolunun yolçusudur.

Lakin türk dünyasının bu böyük şəxsiyyətinin həyat və yaradıcılığı hələ də ətraflı öyrənilməmiş, əsərləri tam toplanıb dərc olunmamışdır. Bu mütəfəkkir şairin yaradıcılığının tədqiqi, əsərlərinin dərci həyatını vətəni, xalqı, imanı yolunda qurban vermiş ulu ustadın ruhu qarşısında mənəvi borcdur.

Səfili təxəllüslü Aşıq Molla Məhəmməd Yusif oğlu (Yusifzadə) Kuşoyev (Matos xoca) Ahıska mahalının Koblıyan (Altunqala) bölgəsinin (indiki Adıgün rayonunun) Pulate kəndindəndir. Koblıyan bölgəsi Ahıskanı bir-neçə əsr idarə etmiş Qıpçaq Atabəylərinin dayaq nöqtələrindən biri olmuş və möhtəşəm Altunqala burada yerləşmişdir. Bu ərazi həm də öz ecazkar təbəti və zəngin türk folklor ənənələri ilə seçilir. Kuşogillər taxımından olan Molla Məhəmməd Səfili bu tarixi məkanda 1870-ci ildə anadan olmuşdur. Şairin təvəllüdünün 1870, 1872, 1882-ci illər versiyaları da var, lakin ağsaqqalların söylədikləri və həyat xronologiyası 1870-ci ilin üzərində dayanmağa imkan verir. Ahıskaşünas tədqiqatçı Yunus Zeyrək də aşığın 1870-1937-ci illərdə yaşadığı qənaətinə gəlmişdir.

Şair Səfili mollalığına və milli-dini mündəricəli yaradıcılığına görə sovet rejimi tərəfindən 1937-ci ildə siyasi repressiyaya məruz qalmış, həbs edilərək naməlum yerə sürülmüşdür. Bu ildən sonra ondan heç bir səhih xəbər gəlməmişdir. Vəfat tarixi və yeri dəqiq məlum deyil. 1930-cu illərin axırlarında Sibirdə (Maqadanda) güllələndiyi haqqında müəyyən məlumat var. Səfilinin nəvəsi İlim Şahzadayev aşığın məzarının Buxarada, Dərbənddə, Sibirdə olduğunun da söylənildiyini bildirir. Aşığın Orta Asiyada yüz yaşacan yaşadığı, ömrünün sonlarında gözlərinin tutulduğu da deyilir. Lakin gerçək faktlar Səfilinin 30-cu illərin axırlarında güllələndiyini təsdiqləyir.

Aşığın yaradıcılığı doğma yurdunun tarixindən, mədəniyyətindən, təbiətindən qaynaqlanır. Səfilinin doğulub böyüdüyü Pulate kəndi türk ruhunun və əxlaqının dərin kök saldığı, saz-söz sənətinin intişar tapdığı, əski türk inanclarının qorunduğu qədim yurdlarımızdandır. Kəndin sakinləri qədim oğuz boylarından törəyən, türk-islam ruhunu yaşadan soylar olub – Qayadədəgil, Hemidağagil, Coşğundədəgil, Təmiroğullarıgil, Əcərəlilər, Dursundədəgil, Yuxalar, Qurtalar, Dırıcılar, Surolar, Husogil, Səfərağagil, Tahirdədəgil, İşıqdədəgil, Ömürdədəgil, Kuşogil, Üzeyirlər, Durojalar, Yeqanağagil və s.

Azərbaycanda Saatlının Fətəlikəndində yaşayan Kuşogillərdən Gülcan Süleyman qızı (1910), Hemidağagillərdən Şişə Məhəmməd qızı (1930), Husogil­lərdən Qayat Rəhman qızı (1924), Üzeyirlərdən Alisultan Məmmədov (1924), Coşğundədəgillərdən Anşa İsmayıl qızı (1918) ilə 1980-ci illərdəki görüşlərim zamanı onların doğma kəndləri Pulate haqqında söylədiklərindən bəlli olur ki, bu türk yurdu Persat dağı, Saburtağ dağı, Samasada dağı, Qarapuvar dağı, Yalbuz dağı, Baxacax dağı, Aşağıki yayla, Yuxarıki yayla ilə əhatələnib. Kənd Naçikev buzxanası (buzlu mağara), Pulate çərmüyü, Axaşen çərmüyü, Sabiyet dərə çərmüyü, Coç puvarı, Qara puvar, Cift puvar, Süd puvar, Gülbaxçanın puvarı, Nəsüret puvarı, Dibsiz göl, Cazi gölü ilə məşhurmuş.

Pulate çərmüyü Abastuman, Zanav, Sabiyet, Uravel, Xeveşen, Axaşen, Arazinda, Küknəlli, Aqobil çərmükləri ilə bərabər mahalın ən məşhur şəfa ocaqlarındanmış. Pulatenin isti mineral bulağı mədə xəstəliyinə, qaşıntıya, qotura əlacmış. Bu şəfalı yerdə müalicəvi otlardan da istifadə edilirmiş.

Ahıska mahalının digər yerlərində olduğu kimi, pulatelilərin də həyatını Mövlud, Rəcəb, Qurban, Ramazan, Xıdırəlləz kimi bayramlar, «yığnax», «sıra türküsi», «sıra oyuni», «sıra masali», «fincan-yüzük», «süpürgə seyri» adlanan əyləncələr, aşıq məclisləri, nağıl gecələri süsləmişdir.

Kəndin ətrafını Axaşenlər, Qostamalar, Qırıxlar, Nariya, Qıraclar, Çololar, Nakordalalar, Cuvari, Gülbaxça, Varazan, Cami, Sukuletlər kimi bərəkətli tarlalar, Qostama, Hamzula, Nakan, Nadqur, Axaşen meşələri, Gülbaxça, Qamabaxça, Çəyürməbaxça, Ardmulbaxça əhatə edirmiş.

Koblıyan bölgəsində qədim rəvayətlər, əski türk və islam inancları qorunub saxlanıbmış. Pulate və ətraf kəndlərin sakinləri Şəhidlər məzarlığına, Qəriblər məzarlığına, eyilərdən Əhmədağa türbəsinə, Aşağki məhlə məzarlığına, mum yanan Sukuletlər türbəliyinə, Molla Məhlud türbəsinə, əvliya Abdul dədə türbəsinə, Lazistanlı Xoca türbəsinə, Zazola türbəsinə sitayiş edərmiş.

Pulate öz müdrik ağsaqqalları ilə tanınıb. Köyün Molla Maqsud, Molla Əhməd, Molla Şəmşət kimi xocaları varmış. Sınıxçı Əhməd, Misli əmi məşhur təbiblərmiş. Deyilənə görə, Sınıxçı Əhmədin biliyini hökumət yoxlamaq istəyib, balqabaq, boranını tikə-tikə qırıb kisəyə qoymuşlar, o, üstdən düzüb. Qırılmış şabalıdı corab içində düzüb.

Aşıq Məhəmməd Səfili də təbiblik və cindarlıqla məşğul olarmış (aşığın bir təxəllüsü də Cindar olub, lakin əslində Molla Məhəmməd təbibliklə məşğul olub). Saatlı rayonunun Əzizbəyov kolxozunda yaşayan Celalı Səddi Əşrəfovun dediyinə görə, ilahidən vergisi olan Məhəmmədə azarlılar, əsasən, psixoloji sarsıntıları olanlar müraciət........

© 525-ci Qəzet


Get it on Google Play