We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

“Yetmişi aşırdın, yüzə nə qaldı” - Asif Hacılının yazısı

7 0 0
22.01.2021

Türk dünyasının böyük mütəfəkkiri İsmayıl Qaspıralının Turançılıq idelogiyasının sütunlarından olan məşhur formulu bu günümüzdə xüsusilə aktualdır: “Dildə, Fikirdə, Əməldə Birlik!”.

Qloballaşan dünyamızda bu vəhdət milli amal olmaqla bərabər, hər bir fərdin də düşüncə və fəaliyyətində aşkarlanmalıdır. Lakin bu meyar türk insanlarını birləşdirdiyi qədər də, onları bəşəri dəyərlərdən ayırmır, bəşərin ali ideallarına bağlayır. İsmayıl Bəyin təqdim etdiyi türkçülük formulunun bu milli-bəşəri siqləti digər milli-ideoloji konsepsyalarla müqayisədə aşkarlanır. Rus ideoloqu qraf S.S. Uvarov ölkəsinin mahiyyətini “mütləqiyyət (çarizm) – xəlqilik – pravoslavlıq” məfhumlarının, İlya Çavçavadze Gürcüstanın qurtuluşunu “din – dil – yurd” anlayışlarının vəhdətində görürdü. Bunlardan fərqli olaraq, İsmayıl Qaspıralının Turançılıq formulu ölkə, məkan, din, hakimiyyətlə qapanmayaraq, qədim türklərin söylədiyi kimi, türk insanını ulus və kainatın ortaq məhvərinə çıxarır, ümumən insanlığın vəhdətini ifadə edir.

Türklüyün bu milli və bəşəri mahiyyəti çağdaş dövrümüzdə Ahıska türklərinin taleyində sözün tam mənasında aşkarlanır. 1944-cü ildən bəri sürgün həyatında yaşadıqları acılara, iztirablarına, vətənsizlik dərdinə baxmayaraq, Ahıska türkləri öz türk kimliklərini, islam inanclarını, ana dillərini və ən əsası – Ana Yurd sevgisini, Ahıskaya dönüş əzmini qoruyub saxlamışlar. Eyni zamanda yaşadıqları müxtəlif ölkələrin insanlarına, doğma Gürcüstana sevgi və hörmətlə yanaşmışlar, bu ölkələrin inkişafına xidmət etmişlər. Sürgün dövründə, Vətəndən uzaqlarda Ahıska türklərinin milli ruhu və mədəniyyəti yaşamış, yeni sənət, musiqi, ədəbiyyat nümunələri yaranmış, istedadlı şairlər, nasirlər, milli ruhu yaradan şəxsiyyətlər meydana çıxmışdır.

Hazırda dünyanın 10-dan çox ölkəsində məskunlaşmış, böyük bir hissəsi hələ 1958-ci ildən Azərbaycanda yaşayan Ahıska türkləri bu gün vətən eşqi ilə yaşayır, milli varlıqlqrını, türklük şüurunu və etnik mədəniyyətlərini qoruyub inkişaf etdirilər. Bu prosesdə Ahıska türklərinin xalq yaradıcılığı və xüsusən də çağdaş ədəbiyyatının böyük rolu var.

Ahıska türklüyünün, ümumən müasir türklüyün ülvi dəyərlərini, milli ideallarını, xarakterini ifadə edən belə böyük şəxsiyyətlərdən biri ünlü şair, alim, pedaqoq, vətəndaş, Vətən mücahidi olan Cabir Xaliddir. Cabiri mən keçən əsrin səksəninci illərindən tanıyıram. Həmin dövrdə dəyərli dostum və istedadlı həmkarım Mübariz Məmmədli vasitəsilə, əsli Azqurdan olan, Bakıda doğulub yaşayan istedadlı musiqiçi Faiq Azqurlu ilə tanış oldum və onun bələdçiliyi ilə Saatlı-Sabirabad bölgəsinə folklor toplamağa getdikdə tanış olduğum ahıskalı ziyalılardan biri Cabir müəllim oldu. Həmin dövrdən dostluğumuz, əməkdaşlığımız, məsləkdaşlığımız yarandı və bu günə qədər də davam edir.

Cabir müəllimlə ilk görüşümüzdən onu ədəbiyyat və folklor bilicisi kimi tanıdım, ancaq tədricən şairliyinə bələd oldum və geniş qəlbli, dərin düşüncəli, öz üslubu və yüksək sənətkarlığı olan sənətkarla qarşılaşdığımı anladım. Cabir müəllim ağır təbiətli, zəki, təvazökar, ciddi bir insandır və ilk baxışda bizim alışdığımız mənada həlim şair simasını xatırlatmır. Onunla ünsiyyətim, əsərləri ilə tanışlığım artdıqca, anladım ki, Cabir Xalid üçün şeir əyləncə deyil, şeir yalnız zövq və vəzndən də yaranmır. Onun üçün şeir milli ruhun ifadəçisi, sürgündə olan xalqının milli kimlik şüurunun qoruyucusu, xalqı Vətənə səsləyən amildir.

Onun şeirinin qaynağı da xalqın ruhundan gələn şifahi və yazılı türk ədəbi ənənəsi və həm də müasir Azərbaycan ədəbi mühitidir. Söz sənətinin gözəl bilicisi olan Cabir öz yaradıcılığında folklordan və klassik poeziyamızdan bəhrələnir. Bakı Dövlət Universitetinin gözəl vaxtlarında, 1969-1974-cü illərdə filologiya fakültəsində Mir Cəlal, Bəxtiyar Vahabzadə, Əkbər Ağayev, Muxtar Hüseynzadə, Firudin Hüseynov, Ağamusa Axundov, Fərhad Zeynalov, Pənah Xəlilov, Şamil Qurbanov kimi ustadlardan dərs almış Cabir Xalidin şairliyə münasibəti, şeir anlayışı klassik ənənələrə əsaslanır. Buna görə də şairliyin, şeirin Cabir üçün nə olduğunu anlamaq üçün bu ənənəni bir daha gözdən keçirməyə gərək var.

Türklüyün Ana Kitabı “Dədə Qorqud”da ozanın qaibdən dürlü xəbər söylədiyi deyilir, qutlu söz qeybdən, göylərdən gəlir. Müqəddəs Kitabımız “Quran-i-Kərim”də şairlərə “sapmışların, pərəstişkar adamların tabe olduğu”, ancaq bunlardan olmayan başqa şairlərin də olduğu deyilir: “O şairlər ki, iman gətiriblər, saleh işlər görüblər, Allahı tez-tez anıblar, zülm çəkəndən sonra uğur qazanıblar” (Şuara, 224, 227).

Böyük Füzuli şair sözünü yalan sayır: “Gər dersə Füzuli ki: “Gözəllərdə vəfa var” / Aldanma ki, şair sözü, əlbəttə, yalandır”; eyni zamanda şeirdə elmin əhəmiyyətini vurğulayır.

“Cahan mülkündə mütləq, dоğru halət... aşinalar ixtilatında sədaqət... biətü iqrarü imanü dəyanət... bivəfadan təhsili-hacət görmədim” deyən Molla Pənah Vaqif canı bahasına da olsa öz əqidəsindən dönmür, özünə və sözünə sadiq qalır, haqqa tapınır.

Mirzə Ələkbər Sabir özünü dəryada duran, dalğaların həmləsinə tab gətirən “qocaman dağa” bənzədir və özü gedərsə də, məramının dünyada duracağını, hər cür təzyiqə rəğmən həqiqəti söyləyəcəyini deyir.

Ahıskanın ünlü şairi, sovet rejimi tərəfindən 1937-ci ildə qətl edilmiş Molla Məhəmməd Səfili şairlik taleyinə düşən acıları heç kimə arzulamır: “Beyçarə Səfili, fani dünyada, // Artar oldi dərdim hədən ziyada, // Sən ki bənə verdin ol bari, xuda, // Vermə bəndən özgə qula dərdimi”; əsərlərini isə sonrakı nəsillərə yadigar adlandırır: “Der Səfili, bir yadigər də səndən, Toymax olmaz paldan tatli lisandan...”

Səməd Vurğun sovet ideolojisinə rəğmən, ondan nədir........

© 525-ci Qəzet


Get it on Google Play