«GÖZLƏYİN, DÜNYAYA QAYITMAĞIM VAR..» - VAQİF YUSİFLİ yazır |
(İsa İsmayılzadə – 85)
«Hərdən şeirin-sözün sıxıntısından, «qələmə gəlməyən sözün, əlimə gəlməyən sözün» ağrısından ürəyim sızıldayır, dünyada məndən ötrü hər şeyin qurtardığı belə anlarda harasa baş götürüb qaçmaq, uzaqlarda, əl çatmayan, ün yetməyən bir yerdə yolumu gözləyən itkin sözlərin dalınca düşmək, doğma, əziz bir adam kimi o sözə sığınmaq, o sözün boyunu oxşamaq istəyirəm» – İsa İsmayılzadə bu sözləri söyləyəndə hələ ölümünə 13 illlik bir yol dururdu. Onda 1984-cü il idi, həmin bu sözləri İsa İsmayılzadə «Anamla söhbət» kitabındakı ön sözdə söyləmişdi.
«…Bu dünyanın, yəni ömrün bir qurtaracağı var, insan nə vaxtsa ölür, sən də, mən də – hamımız öləcəyik..»
İsa İsmayılzadə – bu istedadlı və bənzərsiz Azərbaycan şairi elə sağlığında öz ölümündən danışırdı. Ancaq o, bəzi şairlərdən fərqli olaraq «ölməz Kaşşey» libasına bürünmürdü. Elə bil, ölümün labüdlüyünü dərk edir və buna hazırlaşırdı. Amma haçansa yenidən bu dünyaya bir də qayıdacağına da inanırdı:
Bu dünyaya bir də qayıtmağım var…
Qəbrimin üstündə bitən gülləri,
soyumuş torpağı-daşı
Ölüm sükutundan oyatmağım var.
Nəsə, ürəyimə damıb, bilirəm-
Bəlkə də yüz ildən, min ildən sonra,
........