We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

KÖNÜL TƏQVİMİ

5 0 0
19.04.2019

Sən hardan gəldin çıxdın buralara, ay oğlan? İllər keçib axı. Qorxudan böyümüş gözlərin də heç dəyişməyib. On yaşımın sarsıntısı – arıq, çəlimsiz, ürkmüş, yediyi qapazlardan bir az da büzüşmüş oğlan uşağı. Sinif-sinif gəzdirirlər onu, direktor deyib ki, bütün aşağı-yuxarı sinif şagirdləri üzünə tüpürsünlər, bufetdən bulka oğurlayıb. Sidq ürəklə tüpürən uşaqlar, "ar olsun"- deyib qışqıran müəllimlər - iyrənc. Unutmadım heç…


Bəlkə də indi böyük oğrulardandı o uşaq, tüpürənlər də alqışlayırlar onu. Bəlkə də yox...

***

Odam və yatağım. Qaranlıq düşəndən təkadamlıq kameraya çevirirəm. Nəzarətçisi də, məhbusu da özüm. Burda hamıdan gizlidi – bütün qorxularım, düşüncələrim. Niyə fikirlisən sualı yox, gözündən axanı görən yox...


Kimi ürəyinə axıdır, kimi üzünə... deyirlər. Bəlkə ürəyinə axıda bilsən, gizlətməyə hacət olmaz?.. Və bu hücrədə Yuxarılardan gələcək edam hökmünün icra olunacağını gözləyib də keçmişin qatlarını açmağa imkan olmaz?.. Ölüm, ixtiyarlanmaq qorxusunu bu qədər yaşamazsan? Nə vaxtsa hamı üçün gələcək gün... Qəribə duyğudu - keçmişi xatırlayıram canlıdı. Gələcək gün deyirəm – ölüm, qocalıq gəlir ağlıma...


İndi bu sıradan yuxusuz gecələrdən birində yenə olumlu-ölümlü fikirlər sarıb məni. Rahat-rahat əzab çəkmək üçün ən ideal ərazi – odam və yatağım. Səhərəcən çabala səndən bezgin yatağın içində, o üz-bu üzə.


İşığı keçirirəm, gözlərim qaranlığa öyrəşməyə başlayır. Qaranlığın sükutuna yanaşı otaqdakı televizorun səsi qarışır. Hələ bir xeyli vaxt həmin səs də, qaralıb-ağaran işıqlar da odamın sərhədlərini pozacaqlar.Bir anın içində gözüm öyrəşdi qaranlığa, indi unuda bilmədiklərimə heç nə mane olmayacaq. Ehtiyatla, ayaqlarımı qoruya-qoruya yaxınlaşıram yatağıma. Nə böyük görünür, Tanrım, yuxu axtardığım bu məkan? Yatağı pulnan almaq olur, yuxunu hardan alacam? Gecəynən səhər arasındakı vaxtı saata baxıb bəlirləyirəm, itirdiyim zamanı hardan alacam?




***


Planetdi vallah, yatağım. Gecə planeti. Hələ ki səthi düppədüzdü. Bir azdan səhərə gedən yolun bürüşdürüb yaman günə qoyacağı mələfə dağ-dərəyə, vulkanlara dönüləcək. Qütblərə ayıracam onu. Yastığım dörd cəhətin dördünü də gəzəcək. Hünəridi kimsə mane olsun unutmağa. Əlimin, ayağımın toxunmadığı yerlər də buzlaqlar. Səhərə qədər onlar da yerlərini dəyişəcəklər. Azar, vallah, bu planetin içində adam.........

© Ədalət