QƏLƏBƏ GƏTİRƏN PAYIZ - Əbülfət Mədətoğlu yazır |
Bu, bir ovqat şeiridir
Üz-üzə oturmuşuq. Əslində bu, üz-üzə otrumaqdan daha çox bir-birinin içinə bələd olan iki dostun sözü ortaya qoyub onun dağı arana çəkməsidir. Yəni hər görüşümüzdə olduğu kimi, indi də SÖZdən danışırıq... onun dünənini, bu gününü, sabahını duyduğumuz və arzuladığımız formada öz ələyimizdən keçiririk.
Yəni siz də xatırlayırsiniz, mən də həmin bu söhbətin bir hissəsini sizə təqdim etmişdim. Təqribən bir ay öncə Kəramətlə etdiyim söhbətin bir hissəsini sizinlə bölüşərkən vurğulamışdım ki, xeyli çəkən söhbətimiz sözün dörd tərəfinə uzanıb getmiş və bir az pərakəndəlik yaranmışdı. Amma əslində bu, pərakəndəlikdən daha çox açıq bir şəkildə Kəramətdən qoparmaq istədiyim fikirlərdən məqamlar, fraqmentlərdi. İndi o fraqmentlərin oxucusu olmağa dəvət edirəm sizi. Beləliklə:
- Kəramət, sən mütaliəyə önəm verdiyini və hər bir yeni əsərdə yeni nələrsə axtardığını söylədin. Bir de görüm, axtardıqlarını tapa bilirsən?
- Birbaşa deyim ki, hər zaman istəyim çin olmur. Kitabın görkəmi, tərtibatı, hətta müəllifə olan böyük simpatyam bəzən təəssüf doğurur. Öz-özümə deyirəm ki, əgər yaza bilmirsənsə, deməyə sözün yoxdursa, bu pulunu niyə göyə sovurursan? Niyə kağız parçası edirsən? Onun əvəzinə özünə, ailənə, dostlarına faydalı bir iş görərsən. Yəni pulunu onlara xərcləyib bilərsən ki, nəyəsə nail oldun. Heyf ki, biz bəzən söz imkanımızı nəzərə almırıq, hesablamırıq. Sanki kitab müəllifi olmaq “şair” olmaq bir sosializm yarışıdı. Bacaran da, bacarmayan da, sözü olan da, olmayan da meydandadı.
- Məncə bu çoxluğun bir müsbət tərəfi də var: o da seçim etmək, ələmək fürsəti vermək tərəfidir...
- Olsun. Amma oxucu da yazıqdı axı. Gərək vaxtını, enerjisini sərf eləyib o kitabları vərəqləyə və görə ki, kim kimdi?! Kimin sözü hara qədərdi! Bu mənada mən çoxluğun, yəni kitab bolluğunun tərəfdarı deyiləm. Amma o da bir gerçəkdi ki, əl-Həzrət zaman ən böyük hakimdi.
- Kəramət, sənin söylədiklərinə istinad etsəm, onda bir şeirini xatırlamalı oluram. Özün yazmısan ki, “Ömür yorulub”. Onda belə çıxır ki, yaşlaşmısan, yaşamaqdan yorulmusan...
- Xatırladım o şeiri. Tənqidçi dostum Nadir Adiloğlunun tez-tez işlətdiyi “Yaman yorulmuşam, oğlan” sözləri günlərin bir günü içimi tərpətdi. Çünki Nadir Adiloğlu mənim üçün ölmədi, sadəcə, yoruldu. Və mən də yazdım:
Ölülər şaqqanaq çəkər ölümə.
Bu qocalmayan qoca kişi,
Dustaqlar........