Alnında Ay doğan adamla vida söhbəti - Əbülfət MƏDƏTOĞLU yazır
Ötən bazar günü, daha doğrusu, günün ikinci yarısında sosial şəbəkədə qarşıma bir xəbər çıxdı. Gördüm, inanmadım. Oxudum, inanmadım. Əlimi telefona atdım, güvəndiyim dostlardan birini aradım. Telefonun o biri başındakı səs gördüyümü, oxuduğumu təsdiqlədi. Çox kövrək və hüznlü bir səslə dedi:
Bəli, bu söz ildırım tək çaxdı, şimşək kimi parıldadı. Bir anın içində qayıtdım 1978-ci ilə. İlk dəfə Çingiz Əlioğlunu onda görmüşdüm. İlk dəfə onda qarşılaşmışdım. Düzünü deyəcəm, ilk qarşılaşmada çox ədalı, çox özündən məmnun təsir bağışlamışdı mənə. Hətta onunla bir az çəkinə-çəkinə söhbət etmişdim. Bu bir az təbii sayılmalıdır, çünki kənddən gəlmiş, orta məktəbi yenicə bitirmiş bir yeniyetməni ölkədə kifayət qədər tanınan və ölkənin yeganə televiziya kanalında həm də veriliş aparıcısı olan bir şəxslə üz-üzə dayanıb söhbət etməsi həm məsuliyyət idi, həm daxili bir gərginlik yaradırdı, həm də sevincin, fərəhin sıxıntısı da öz işini görürdü. Bu görüşümüzdən bir az sonra Çingiz müəllim məni o verilişə qonaq dəvət etdi. Bu, ömrümün ekrandan ilk təcəssümü idi. Onun sevincini mənə Çingiz Əlioğlu yaşatdı, o fərəh, o qürur adi zəhmət adamı olan valideynlərimə dünyanı bağışladı. Mən onların gözündə haralara qalxdım, onu ifadə edə bilmirəm...
Beləcə başladı bizim dostluğumuz. Və burda bir məqamı da əlavə edim. Həmin dövrün üç dostu var idi, onlar hər yerdə bir görünürdülər. Sanki bir evdə yaşayırmış kimi bütün tədbirlərdə, bütün görüşlərdə, bütün məclislərdə yanaşı dayanırdılar. Onlar əfsanəyə çevrilən dostlar, yəni Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu və Sabir Rüstəmxanlı idi.
Rəhmətlik Nüsrətin təşəbbüsü və Çingizin diqqəti məni də onların arasında görünməyə yaxınlaşdırdı. Nüsrət və Çingizlə daha sıx təmasım bizim ailələri də........
