Və yaxud da "Ədalət"li dünyada yaşadıqlarım
Gəlin etiraf edək ki, biz tez-tez dünyanı qınayırıq. Onu etibarsızlıqda, gəlimli-gedimli olmaqda suçlayırıq, hətta bəzən emosiyalara uyub elə ifadələr işlədirik ki, sonra fərqinə varanda adamın dünyaya da yazığı gəlir, özünə də. Belə məqamda mən daha çox bir atalar sözünü xatırlayıram. Atalar deyib ki, "Ulağa gücü çatmayan palanı döyür". İndi özümüz özümüzlə bacara bilməyəndə üz tuturuq dünyaya. Başlayırıq onu sağdan, soldan vurmağa. Özdə təkcə adi bəndələr yox, bunu dünyaya meydan oxuyan fatehlər də, söz sərkərdələri də, sinəsi sazlı aşıqlar da, əli qələmli ən adi yazar da edir. Hətta bu yerdə yadıma böyük Səməd Vurğunun misraları düşür.
Xalq şairi yazırdı ki:
Göylərə baxıram qapısı bağlı,
Yerlərə baxıram bağçalı-bağlı.
Həyat ixtiyari, sirli, soraqlı -
Biz gəldi-gedərik, sən yaşa dünya!
Və yaxud böyük Məmməd Araz yazırdı:
Dünya sənin, dünya mənim,
Dünya heç kimin.
Bu sıranı kifayət qədər uzatmaq olar, davam etdirmək olar və bu davam edən sırada bir məntiqi məqam da var. Onu da yenə böyük Məmməd Araz deyib:
Məni qınayanın beləsi belə,
Mən belə dünyanın nəyindən küsüm.
Hə, indi bacarırsan küs və yaxud indi bacarırsan yaşa. Hər iki halda seçim ixtiyarı səndə. Mənsə başladığım bu fikir yumağını tərsinə çözürəm. İstəyirəm ki, əvvələ qayıdım. O günə ki, onda dünyaya "Ədalət" gəlirdi. Onda iyul ayının 26-sı idi. İl isə təqvimdə 1990-ı göstərirdi. İndi hesablayın, görün ədalət neçə ildi yol gəlib və bu neçə ildə nə qədər yüksəlib, nə qədər yayılıb, nə qədər qol-qanad atıb. Cərgəsində kimlər olub, kimlər gedib, kimlər köçüb, kimlər hələ də cərgədədi. Bu adi riyazi hesablamadı. Amma bu riyaziyyatda ömür ifadə olunub. Ona görə də xeyir-duası haqdan, adı Allahdan, sözü Tanrıdan olan "Ədalət" bütün çətinliklərin, bütün süni və həyati problemləri aşıb 2021-ci ilin bu gününə gəlib çıxıbdı. Və qəzetin öz dili ilə desək, hələ də "Ədalət" çıxır, hələ də "Ədalət"in təsisçisi, millət vəkili, yazıçı-publisist Aqil Abbasdır və hələ də mənim bu qəzetdə fikirlərimi bölüşmək, duyğularımı sərgiləmək, oxucularımla baş-başa qalmaq imkanım saxlanır...
Dünyanın bax belə qəribəliklərinin içərisində 34 il yol gəlmək və bu yolun da sevincini, kədərini, bütünlüyünü özünə köçürtmək, köçürtdüyünü də tarixləşdirib gələcək illərə daşımaq xoş olduğu qədər də şərəflidi. Bu mənada "Ədalət" şərəfli bir yol keçib və yoluna da davam edir. Elə bu davam edən yolda hər bir əməkdaş kimi mənim də iynə ucu boyda da olsa, izim, sözüm görünür, yaşayır. Görünən və yaşanan sözün ünvanı olan Ədalətdə........