We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Onsuz - Rafael Hüseynov yazır

4 0 0
10.10.2018

Bəlkə də bu, insanın görünməz güclərindəndir ki, ən böyük acılarla da barışmağı bacarır.

Bu, nə naçar qalaraq ağrıya təslim olmaqdır, nə tədricən dərdə alışmaq, nə də özünətəsəlli.

Bu, insana nəsib olmuş müstəsna istedad - əziz kimsələrin ürəkdəki daimi yerini onların əbədi xatirəsi ilə əvəz edə bilmək, onları könüldə elə diri kimi yaşatmaq qabiliyyətidir.

Aida xanım İmanquliyeva yaşasaydı, gələn il səksəninə çatardı.

Həyat eşqi ilə dolu, gümrah, faydalar verməkdə davam edən o qədər səksən yaşlılar var ki!

Elmlər Akademiyasında, elə bir zamanlar onun da çalışdığı, direktoru olduğu şərqşünaslıq institutunda sinni səksəni çoxdan adlamışköhnə əməkdaşlar indi də hər gün işə gedib-gəlir.

Bir zamanlar hər həftənin neçə günü auditoriyalara girib dərs dediyi universitetdə elə onun vaxtındakı kimi həvəslə müəllimliyini davam etdirən köhnə tanışları da az deyil.

Aida xanım İmanquliyeva isə artıq, otuz ilə yaxındır ki, bizlərdən ayrıdır.

1992-nin payızından Onsuzuq...

Aida xanım qısa və parlaq ömür yaşadı.

İnsafsızca gödək olan bu ömür payı ərzində həmin illərə sığmayacaq qədər çoxlu və gərəkli işlər gördü. Həyat yolu erkən tamamlansa da, elmdə özündən sonra bitmədən davam edəcək bir yol yaratmağa nail oldu.

Yaxşı alim adlanmaq haqqını qazanmaq həmişə çətindir. Amma yaxşı alim olaraq adını elm tarixinə həkk edə bilmək ikiqat çətindir.

Aida İmanquliyeva yaxşı alim idi.

Ərəbşünaslığın dərindən dərin bilicisi akademik İ.Kraçkovskiyə (1883-1951) "şərqşünasların şeyxi" deyirdilər. O qüdrətli alimin başladığı hansısa işi ondan da uğurlu davam etdirərək yeni səhifələr yaza bilmək şərəfdir.

Aida xanım İ.Kraçkovskinin ərəb məhcər ədəbiyyatı ilə əlaqədar təməlini qoyduğu tədqiqatların üfüqlərini genişləndirərək səthi araşdırılmış bu sahənin dərinliklərinə endi, çox qaranlıq mətləbləri aydınlatdı.

Aida xanım Azərbaycanda ərəb ədəbiyyatının tədrisini bir sistem halına gətirən ilklərdən oldu və ərəbşünaslığımızda müasir ərəb ədəbiyyatının tədqiqini bir müstəqil istiqamətə çevirməyin icraçısı, rəhbəri və təşkilçisi kimi etiraf edildi.

Bununla da adı Azərbaycan şərqşünaslığının iftixarlı tarixinə əbədilik yazıldı.

Möhlətsə qısa idi - vur-tut 52 il.

... Azərbaycan şərqşünaslığının tarixini tarix içərisində seyr edəcək olsaq, min ildən uzun bir yol təsəvvür edilməlidir. Lakin müasir mənada şərqşünaslıq elminin də, şərqşünaslıq təhsilinin də yaşı xeyli azdır, bu, iyirminci əsrin ortalarında formalaşıb inkişaf edən bir istiqamətdir.

Şərqşünaslığa İkinci dünya müharibəsindən sonrakı onillərdə Sovet İttifaqında xüsusi diqqət göstərilməyə başlanmışdı və bu da siyasi səbəblərsiz deyildi.

Sovet İttifaqının xarici siyasətində Yaxın və Orta Şərqin məxsusi yeri vardı və ona görə də həm Moskva, Leninqrad, Kiyev kimi böyük şəhərlərdə, həm də respublikalarda strateji siqlətli şərqşünaslıq elminin və təhsilinin irəliləyişinə qayğı il-ildən artırılırdı.

Əslində, on doqquzuncu əsrdə Avropada şərqşünaslığın diqqət mərkəzinə çıxması, qiymətli araşdırma və tərcümələrin yaranması, bəsirətli alimlərin yetişməsi də mahiyyəti, kökü ilə siyasətə bağlıydı.

Şərq İngiltərənin, Fransanın siyasətində xüsusi maraq dairəsinə girirdi və dövlətin gərək olan anda söz soruşmaqçün mütəxəssislərə, alimlərə ehtiyacı vardı.

Tələbə ikən müəllimlərimizdən birinin görkəmli şərqşünas Edvard Braunu hər dəfə "ingilis casusu" deyə təqdim etməsi, üzə vurmağa üzüm gəlməsə də, içəridən məni incidirdi.

Çünki E.Braunun "Persiyanın ədəbi tarixi" üçcildliyi mütəmadi müraciət etdiyimiz misilsiz, köhnəlməyən elmi abidə idi.

Lakin neyləməli ki, o müəllimin eyhamlarında da həqiqət vardı.

... Aida İmanquliyevanın şərqşünas taleyi bu təhsil və elm sahəsinin Azərbaycandakı inkişaf cığırları və mərhələləriylə bilavasitə bağlıdır.

1957-ci ildə universitetin getdikcə daha artıq güc yığan, sanballılaşan şərqşünaslıq fakültəsində ərəb filologiyası bölməsi yaranır.

Fars və türk dilləri ilə bağlı problem yoxdu, yaxşı dil daşıyıcıları keçmişdən də vardı, qırxıncı illərin sonlarında Cənubi Azərbaycandan gələn siyasi mühacirlərin də arasında farscanı ana dili qədər təmiz bilən və elm, təhsil şəbəkəsində çalışmağa qərar verənlər az deyildi.

Tərcümələr də edirdilər, dərsliklər də yazırdılar, tədqiqat da aparırdılar.

Ərəb filologiyası sahəsində isə bir boşluq, qıtlıq vardı.

Fədakar müəllim və alim Ələsgər Məmmədovun memarı olduğu ərəb şöbəsinin (əlbəttə, mən ondan da bir qədər əvvəl bu istiqamətdə faydalı işlər görmüş, hətta dərslik yazmış parlaq ziyalı və ustad Muxtar Əfəndizadənin (1880-1975) də əməklərini unutmur, xatirəsini sayğı ilə anıram. Lakin sözün gerçək mənasında məktəb yaratmaq bilavasitə Ələsgər müəllimin adı və fəaliyyətləri ilə bağlıdır) ilk buraxılışlarının tələbələri elm və təhsilimizdəki bu "ağ ləkə"ni yox etmək, bu "xam torpağı" münbitləşdirmək, bol və sevimli məhsullar verən sahəyə çevirməkçün pionerlərə döndülər.

Azərbaycan ərəbşünaslığının sonrakı onilləri onların alim və müəllim əməkləriylə, tədqiqləri və tərcümələriylə bəzəndi.

İlk buraxılışların məzunlarından olan Malik Mahmudov ərəbdilli Azərbaycan ədəbiyyatını, Zakir Məmmədov ərəbdilli Azərbaycan fəlsəfəsi tarixini öyrənməyə başladı, Vasim Məmmədəliyev ərəb dilçiliyi səmtini tutdu, Aida İmanquliyeva isə müasir ərəb ədəbiyyatının araşdırıcısına çevrildi.

İllər sonra bu cavanların hər biri elə cavan yaşlarında ağır alim və müəllim çəkisi qazandılar, yol açan, istiqamət yaradan oldular, hərəsinin öz məktəbi formalaşdı.

Mən 1970-ci illərin sonlarında o vaxt yeganə olan Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirərək Elmlər Akademiyasına təyinat alanda, az sonra aspiranturaya qəbul edilərək Yaxın və Orta Şərq Xalqları İnstitutunda işə başlayanda orada mükəmməl bir elmi heyət vardı. Görkəmli ədəbiyyatşünas, akademik Həmid Araslı, tarixçi akademiklər Əbdülkərim Əlizadə və Ziya Bünyadov, filosoflar Əbdülhüseyn Agəhi və Əhməd Əminzadə, əruzçu Əkrəm Cəfər, mətnşünas Məmmədağa Sultanov, iqtisadçı Əli Kəlavej, həyatları müasir İran və Azərbaycan tarixinin ayrılmaz parçası olan və elmdə də mötəbər sözlərini demiş Mirqasım Çeşmazər, Tağı Şahin...

İnstitutdakı şöbələrin ən sütülü ərəb filologiyası idi. 1976-cı ildə yaradılmışdı və ilk müdiri də Aida İmanquliyeva seçilmişdi. Vur-tut 27 yaşında.

Həm şöbə gənc idi, həm şöbənin müdiri və tərkib də digər bütün şöbələrlə müqayisədə cavan idi.

Və əslində, məhz həmin şöbənin iş ritmi, yaş həddi, elmi yanaşma üsullarının müasirliyi sonralar həm bu institutda, həm də bütövlükdə Azərbaycanda şərqşünaslığın inkişafına yeni bir impuls verdi. Bu sağlam, gərəkli, çağdaş qığılcımın müəllifi, təkanvericisi gənc alim Aida İmanquliyeva idi.

O, həm şərqşünaslıq institutunda işləyirdi, həm də şərqşünaslıq fakültəsində dərs deyirdi.

Bir dəfə özü etiraf etdi ki, vaxtımı alsa da, məni yorsa da, dərs deməyi iki əsas səbəbə görə davam etdirirəm. Birincisi, müəllimliyi sevirəm, tələbələrlə işləməkdən zövq alıram, ikincisi də yaxından müşahidə edərək bura üçün - Şərqşünaslıq İnstitutundan ötrü gələcək əməkdaşları gözaltı edirəm.

Dissertasiya yazıb ortaya çıxarmağın çətinliyi bir yana, müdafiə prosesinin özünün yüz cür narahatlıqlar, süni maneələrlə bağlı olduğu illərdə Aida İmanquliyevanın başçılıq etdiyi ərəb filologiyası şöbəsi müdafiə edən işçilərinin........

© 525-ci Qəzet