We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Əbülfət MƏDƏTOĞLU: BU HAVAYA BƏND OLMA

4 0 22
12.01.2018

Nədənsə qulaqlarımda dünya şöhrətli müğənnimiz Zeynəb xanımın ifası səslənir. Sağa-sola baxıram. Elə bilirəm ki, televizordan, radiodan gəlir o səs. Amma iş otağında bunların heç biri yoxdu. Səs isə məni bir an da olsa rahat buraxmır. Görəsən bu səs hardan gəlir belə?.. Yaddaşdanmı, göy üzündənmi… Yenə bilmirəm. Elə o səsi öz içimdə dinləyə-dinləyə pəncərəyə yaxınlaşıram. Və birdən istəyirəm ki, qışqıram: «Tapdım!». Amma qışqırmıram. Sadəcə, bu tapıntıma uşaq kimi sevinirəm. Axı, Zeynəb xanımın səsi indi pəncərəmdən süzülən zəif qış günəşinin, ətrafı bir xoş ovqata bürüyən havanın özündən süzülüb gəlir.

Və o səs özü deyir axı:

Havaya baxıram hava məxşuşdu,

Gəzdiyim oylaqlar yadıma düşdü.

Bir gün deyərlər ki, Alı da köçdü,

Sındı telli sazı tazə nə qaldı.


Qulağımda səslənən o ifa məni elə bu havaya kökləyir. Və mənə elə gəlir ki, indi iş otağımın pəncərəsindən Yasamal qəbiristanlığına baxmıram. Əksinə, o qəbiristanlığın içərisindən keçib gedib doğulduğum kəndə çıxmışam. Hava proqnozundan bilirəm ki, qar yağıb doğulduğum kəndə. Və bu günəşli hava indi o yamaclardakı, dağ döşündəki qarı əməlli-başlı oxşayır, sığallayır. Və qar da gülümsəyir adamın üzünə. Mən də dizimə qədər qara bata-bata kəndarası yolla addımlayıram…

Və birdən iş otağımın qapısı açılır. Səsə geri çevrilirəm. Məni bu xəyaldan, kəndimdən qoparıb gətirən adamın kim olduğunu öyrənmək istəyirəm… Heç kim yoxdu. Qapı elə öz-özünə açılıb. Yenə qayıdıram pəncərədən baxmağa. Bu dəfə kəndim görünmür. Görünən Yasamal qəbiristanlığıdı, bir də orda inşası davam etdirilən yeni məscid binası.

Bax, belə bir ovqat məni istəmədiym halda daxilən elə sıxır ki, elə bil ürəyim zindan üstünə qoyulub. Və mən özüm də bilmədən, daha doğrusu, istəmədən bu günlərdə yazdığım misraları pıçıldamağa məcbur oluram.


Dərdimi yuata götür,

Məni mərasim evinə…

Bəlkə də şəklimə baxıb –

Ruhum bir az da sevinə…


Özün sifariş etmişdin

Yataq odana qoymağa…

Məqam tapmıram, demişdin –

Gözünə baxıb doymağa!..


İndi əlçatan bir yerdən

Asmısan hamı da baxır…

Şəkli ortaya çıxardın –

Dillən, adımı da çağır!..

........

© Ədalət